Modern.az

Azərbaycanda məktəblər üçün söz bazası yaradılmalıdır - deputat

Azərbaycanda məktəblər üçün söz bazası yaradılmalıdır - deputat

Təhsil

Bu gün, 16:14

“Məktəblər üçün söz bazası formalaşdırılmalıdır. Hər yaş kateqoriyası üçün söz ehtiyatının minimum səviyyəsi müəyyənləşdirilməlidir. Nümunə olaraq, 3-6 yaşlı uşaqlar üçün neçə sözün mənimsənilməsi nəzərdə tutulmalıdır?”.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə reallaşdırılan “Məktəb ictimai müzakirədə” adlı layihəsi “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva deyib.

Deputatın sözlərinə görə, bu məsələ dünya təcrübəsində artıq mövcuddur.

“Məsələn, Böyük Britaniyada məktəbəqədər təhsildən universiteti bitirənə qədər təhsillərini təxminən 71 min söz ehtiyatı ilə tamamlayırlar. Yaponiyada bu rəqəm təxminən 42 min söz, Türkiyədə isə vaxtilə 10-15 min, indi isə 25 min söz səviyyəsindədir. Bu göstəricilər zamanla dəyişsə də, ümumi yanaşma mövcuddur. Bizdə isə bu məsələyə kompleks yanaşma hələ tam formalaşmayıb”.

Millət vəkili nəzərə çatdırıb ki, uşaqların müəyyən yaş mərhələlərinə qədər hansı sözləri öyrənməli olduğu dəqiqləşdirilməlidir. 

“Bu sözlərin istifadə tezliyi nə qədər olmalıdır? Onların hansı hissəsi passiv söz ehtiyatına, hansı hissəsi isə aktiv söz ehtiyatına daxil olmalıdır? Bu məsələlər yalnız nəzəri yanaşma ilə deyil, elmi tədqiqatlar əsasında müəyyənləşdirilməlidir”.

M.Vəliyeva onu da əlavə edib ki, bu istiqamətdə obyektiv tədqiqatlar aparılmalı, nəticələr hazırlanmalı və məktəblər həmin baza üzərində fəaliyyət göstərməlidir. 

“Dərsliklər də məhz bu baza əsasında hazırlanmalı və inkişaf etdirilməlidir. Azərbaycan dilinin inkişafı da məhz bu istiqamətdən başlamalıdır”, - deyə deputat fikrini tamamlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV