Modern.az

Təhsil mədəniyyətimiz formalaşmalıdır DEPUTAT

Təhsil mədəniyyətimiz formalaşmalıdır - DEPUTAT

Təhsil

Bu gün, 16:24

Təhsil sistemində müəyyən standartlar, proqramlar və rəsmi sənədlər mövcuddur. Bu sənədlər də müəyyən mərhələlər üzrə standartlara uyğun şəkildə formalaşdırılıb və həmin standartlar çərçivəsində müəyyən dəyərlər müəyyənləşdirilib.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə reallaşdırılan “Məktəb ictimai müzakirədə” adlı layihənin “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirində Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva deyib.

Deputat bildirib ki, əslində bu dəyərlər hər bir müəllimin illik fəaliyyət proqramında da öz əksini tapmalıdır.

“Standartlarla uyğun şəkildə həmin dəyərlərin müzakirə olunması vacib şərtlərdən biridir. Eyni zamanda məktəbin funksiyaları çərçivəsində hesabatlılıq, monitorinq sisteminin vacibliyi və digər prinsiplər də nəzərdə tutulur. Müxtəlif sahələr üzrə aparılan müşahidələr də bunu göstərir”,-o deyib.

M.Vəliyeva əlavə edib ki, amma bütün bunların həyata keçirilməsi üçün konkret mexanizmlərin hazırlanması vacibdir. Onun sözlərinə görə, bu mexanizmlər vasitəsilə idarəetmə və icra prosesi təmin olunmalıdır:

“Digər istiqamətlərdən biri də bu yaxınlarda hazırlanmış Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasıdır. Bu konsepsiya 2040-cı ilə qədər olan dövrü əhatə edir.

Həmin konsepsiyanın daxilində çox vacib məqamlar yer alır və düşünürəm ki, xüsusilə təhsil işçiləri üçün bu məsələlər böyük əhəmiyyət kəsb edir. Əgər bu məsələlərə diqqət yetirilməzsə, ciddi nəticələr əldə etmək mümkün olmayacaq”.

Deputatın fikrincə, konsepsiyanın diqqəti cəlb edən əsas cəhətlərindən biri ondan ibarətdir ki, artıq mədəniyyət yalnız irs anlamında təqdim olunmur:

“Mədəniyyət həm də düşüncə mədəniyyəti, davranış mədəniyyəti və nitq mədəniyyəti kimi konseptual anlayışlar çərçivəsində təqdim edilir. Bu baxımdan həmin konsepsiyanın təhsil sisteminə inteqrasiyası vacib amil kimi diqqətə çatdırılır və bununla bağlı müəyyən istiqamətlər göstərilir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan dilinin inkişafı və kommunikativ mədəniyyətin formalaşdırılması ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Biz bu məsələlərə çox ciddi yanaşmalıyıq. Ünsiyyət mədəniyyəti necə formalaşmalıdır və bu proses məktəbdə necə qurulmalıdır? Məktəbsiz bunu həyata keçirmək mümkün deyil. Hər şey məktəbdən başlamalıdır”.

M.Vəliyeva həmçinin konsepsiyada davranış mədəniyyətinin formalaşdırılması məsələsinin xüsusi vurğulanmasına da diqqət çəkib:

“Davranış mədəniyyəti haradan başlamalıdır? Təbii ki, məktəbdən başlamalıdır. Ona görə də hesab edirəm ki, bu konsepsiyaya əsaslanaraq təhsil mədəniyyətinin formalaşdırılması və onun praktik icrası məsələsi də diqqət mərkəzində olmalıdır”, - deyə M.Vəliyeva qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV