Modern.az

İbtidai siniflərdə tədris mütləq Azərbaycan dilində olmalıdır - MÖVQE

İbtidai siniflərdə tədris mütləq Azərbaycan dilində olmalıdır - MÖVQE

Təhsil

Bu gün, 16:53

“Məktəbdə uşaqların sağlam inkişafı məsələsinə ciddi diqqət yetirilməlidir”.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə reallaşdırılan “Məktəb ictimai müzakirədə” adlı layihəsi “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirdə Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib.

Deputatın fikrincə, bu məsələyə xüsusi nəzər yetirilməlidir.

“Məktəblə, şagirdlərin fiziki inkişafı ilə bağlı qanunlar və tətbiq olunan vasitələr elə olmalıdır ki, uşaqların normal inkişafına mane olmasın. Bu məsələlər akademik çevrələrdə, həkimlərlə, mütəxəssislərlə birlikdə ciddi şəkildə razılaşdırılmalıdır. Çünki biz görürük ki, dünyada bir çox xalqlarda boy göstəriciləri artır, fiziki inkişaf güclənir. Bizim uşaqlarda da bu istiqamətdə ciddi nəticələr olmalıdır. Uşaq həm fiziki cəhətdən möhkəm olmalıdır, həm güclü olmalıdır, həm də sağlam inkişaf etməlidir”.

Milli Məclisin üzvü hesab edir ki, bu, günümüzün mühüm məsələlərindən biridir:

“İkincisi, ibtidai siniflərdə tədris mütləq Azərbaycan dilində aparılmalıdır. Mən hesab edirəm ki, bu, məcburi prinsip olmalıdır. Sonradan kimsə türk dilində, ingilis dilində, yaxud başqa dildə təhsil almaq istəyə bilər. Ancaq ibtidai mərhələdə baza mütləq ana dilində formalaşmalıdır. Nəyə görə? Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda düşüncə bazasının yaddaşda formalaşmasıdır”.

H.Məmmədov diqqətə çatdırıb ki, dil bizim sosial identikliyimizi yaradır, azərbaycanlı olmağımızı təmin edir:

“Azərbaycan dili milli təfəkkürün daşıyıcısıdır. Məncə, insan ana dilindən kənarda formalaşanda onun milli kontekstdə düşüncə bütövlüyü zədələnə bilər. Mən bunu həm dövrün təcrübəsində, həm müşahidələrdə, həm də cəmiyyət həyatında görmüşəm. İnsan milli-mənəvi bağlılıqdan uzaq düşəndə müəyyən mənada nəyisə əskik yaşayır. Çünki sosial identifikasiya, mənəviyyat, tarix, təfəkkür və cəmiyyətin sosial-semiotik sistemi bir-biri ilə sıx bağlıdır. Əlbəttə, istisnalar var. Hər kəs fərdi şəkildə inkişaf edə, uğur da qazana bilər. Amma kütləvi yanaşmada məsələ belədir. Ona görə də mən hesab edirəm ki, qarşıdakı dövr üçün əsas məqsədlərdən biri məhz budur”.

O eyni zamanda qeyd edib ki, digər mühüm məsələ isə ondan ibarətdir ki, biz bəzən yalnız formal göstəricilərlə kifayətlənirik:

“Halbuki yeni elmi istiqamətlər var. Məsələn, psixolinqvistika deyilən bir sahə mövcuddur. Bu sahə göstərir ki, bizim danışığımız, səsimiz, fonetik quruluşumuz psixologiyamıza birbaşa təsir edir. Yəni insanın danışıq tərzi, eşitdiyi səslər, dil mühiti onun özünü dərk etməsinə, dünyanı qavramasına təsir göstərir”, - deyə H.Məmmədov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV