Modern.az

Əlixanın üzr istəməyi və Şeyx Nəsrullahlar...

Mədəni̇yyət

17 Yanvar 2022, 00:39

Nüşabə Hüseynli

Əlixanın (Rəsəbov) “Ay camaat, mən də elə siz deyəni demişəm də. Siz bunu öz aranızda, arvadınızla, bacınızla və digərləri ilə müzakirə edirsiniz, mən də sözümü bu şəkildə demişəm” məzmunlu məlum açıqlamasından sonra indi də onun Hacı Şahinlə şəklinə təhqir yağdırmağa başlayıblar. Adam filmini çəkib, sözünü də deyib, dübarə, təhqirlərə qarşı son dərəcə mədəni davranraq, üstəlik, bir açıqlama da verib. Ürəyində və vicdanında zərrə qədər də olsa tərəddüd və günahkarlıq hissi qalmasın deyə sonda üzr də istəyib. Məsələ Əlixanda deyil, məsələ onun açıqlama verməyə borclu olub-olmadığında, bunu niyə etdiyində də deyil. Məsələ yenə unutqanlıqdadır, UNUTQANLIQda!

Son model avtomobillər, intenet, dünyanın bir zəng qədər əlçatanlığı, texnologiya, kosmos əsri, robot-insan və s. – bütün bunlar Molla Nəsrəddinin, Axundovun, Sabirin “qəhrəmanlarını” öldürməyib e... Onlar sağdırlar, diridirlər. Onlardan hələ də hər yerdə var və hər birimiz ən azı, ikisini-üçünü tanıyırıq. Nə tez unutduq? Dünən (müsəlmanın dünəni))11-14 yaşında qızını nişanlayanlar yadımızdan çıxıb yoxsa? Özü də bir deyil, beş deyil. Rəhmətlik Sabir də bunu demirdi məgər? “Amandı qoyma gəldi” yalvaran körpə qızların əvəzinə millətdən kömək istəyirdi də, deyirdi ay millət, bax, sən busan, amma bu, murdarlıqdır, cəhalətdir, bununla hara qədər gedəcəksən? Ədəbiyyat dərsi keçmirik, bilirəm. Amma Mirzə Cəlilin Şeyx Nəsrullahı yalan idi, yoxsa? Srağagün bəs kim idi özünü təriqət lideri sayıb gənc qızları, qadınları başına yığan? Deyilənlərə görə “savab” adı ilə öz anasını, bacısını təriqət rəhbərinin yanına aparanlar da olub. Kəndin ortasında evdə tək qalan qadına təcavüz edən molla barədə də eşitmədikmi? Məclislərdə üzündən oxumağı bacarmayan molla görməmişik yoxsa? Dəfn makiyajı edənlər təzə xəbərdir bəlkə? Bir az ciddi və ədalətli olmalıyıq, məncə.


Müharibələr ölkələr arasında sərhədlər, milli maraqlar üstündə olur. Milli maraqlar isə ölkənin, dövlətin, millətin daxilində formalaşır. Bunun içində hər şey var – elm də, təhsil də, mədəniyyət də, incəsənət də, siyasət də, din də. Hər biri yerində olanda ölkə də, insanları da inkişafa nail olur. Hansı birisə axsayanda, meydanı cəhalət, xurafat sulayır. Cəhalətə “Sən keç arxaya görüm hələ, sənlə işim sonradır, görüm bu nə deyir” düçüncəsi ilə hərəkət edəndə, yəni, əsas məsələni kənarda qoyub, cəhalətə barmaq silkələyəni topa tutanda artıq burada faciə başlayır. “Sonuncu şam yeməyi” nə deyir bəs? Deyir ki, ayıq olun da. Qaldırın başınızı dinşiyin görün ətrafımızda nə baş verir. Qulağı kəsməzdən əvvəl saymağı niyə axı hələ də öyrənə bilməmişik – o da bunu deyir. Bunu cəhalətə qarşı ən güclü silah olan incəsənətin dili ilə deyir. Neyləməlidir, zopanı götürüb üstümüzə şığımalıdır, yoxsa iki əli ilə başımıza qapaz salmalıdır?

Nəhayət, sonda. Tanımıram Əlixanı, bircə dəfə şəhərin mərkəzində təsadüfən görmüşəm. Amma bilirəm ki, yaddaşlarda onun bu filmdə dedikləri qalacaq, onu daşa tutanların səsini isə “Sonuncu şam yeməyi”nin mesajlarını böyük ekrana daşıyan yeni filmlər batıracaq. Çünki inkişafın başqa yolu yoxdur!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub