Modern.az

Firuz Mustafanın hekayəsi oxucuları dəhşətə gətirdi

Firuz Mustafanın hekayəsi oxucuları dəhşətə gətirdi

Ədəbiyyat

4 Sentyabr 2025, 12:44

Əməkdar incəsənət xadimi Firuz Mustafanın “Qatillər” hekayəsi bir neçə dilə tərcümə edilib.
Modern.az-ın məlumatına görə, əcnəbi dillərə çevriləndən sonra bu kiçik həcmli hekayə haqqında saysız-hesabsız rəy yazılıb. Həmin rəylərdən bir neçəsini hekayə ilə birlikdə oxuculara təqdim edirik.

***                                                               

Qatillər

(hekayə)

    Əvvəllər bu qədər doğma olduqlarını bilmirdilər. Vaxt keçdikcə hər şeyi tədricən anlamağa başladılar. Demə, bacı-qardaş imişlər.

     Onlar bir-biri ilə səssizcə, yalnız özlərinin başa düşdüyü bir didə “danışırdılar”. Qardaş çox dəcəl idi, dinc durmağı xoşlamırdı. Bacı isə öz sakit “hücrəsində” dincəlməyi sevirdi. Qardaş öz bacısı üçün nəsə xoşagələn bir şey etmək, ən azı ona iltifat göstərmək, onun qulluğunda durmaq istəyirdi. Amma hələlik bunu bacarmırdı. Daha doğrusu, buna imkanı çatmırdı. Onlar qonşuluqda, lap elə birlikdə olsalar da hələ əl-ələ tutub üz-üzə dayana bilmirdilər. Hərəsinin öz aləmi, öz “yuvası” vardı. Ama ikisi də doğma və yaxın olduqlarını daim hiss edirdilər.

    Onlar hiss edirdilər ki, haradasa, bir qədər uzaqda, hələlik onların səsi çatmayan daha geniş, daha işıqlı bir aləm var.

   Onlar  əmin idilər ki, günlərin bir günü həmin o geniş aləmə çixacaq, həmin o işıqlı dünyaya qədəm basacaqlar. Deyəsən, o gün yaxınlaşmaqda idi. Onlar tələsirdilər. Onu da əvvəldən duyurdular ki, o geniş, o işıqlı aləmdə onları gözləyənlər var.

    Son vaxtlar onların isti, ilıq “yuvasına” bir soyuqluq çökməkdə idi. Düzdür, onlar hələ isti-soyuğun nə olduğunu düz-əməlli bilmirdilər. Amma öz kiçik vücudları ilə hiss edirdilər ki, onların həvəslə, həsrətlə gözlədikləri işıq get-gedə uzaqlara çəkilməkdədir. Sanki kimsə o işığı oğurlamaq istəyirdi. Onlarsa bu işıqsız yaşaya bilməzdilər.

  ***

   - Onu rədd elə getsin.

   - Vallah, ürəyim gəlmir.

   - Üçü var, bəsimizdir. Biri də bu yandan gəlmək istəyir. Kimdir onu saxlayan? Ağır zəmanədir, çörək çatdırmaq olmur.

    - Allah yaratdığının ruzisini özündən qabaq verir.

    - Boş-boş danışma. Burada Allahlıq bir iş yoxdur. Dedim, rədd elə getsin...

    - Yeddi aylıqdır...

    - Lap olsun doqquz aylıq.

    - Yekə uşaqdır... Ürəyimin altında tərpənir... Lap nəfəsini də hiss edirəm...

    - Nə olsun ki?

    - Mən onu məhv edim? Öz uşağımın, öz bətnimdəki körpənin qatili olum? Allah bunu bağışlamaz mənə...

    - Yenə başladın? Yenə Allah-bəndə sönbəti?

    - Axı...

    - Mənasız şeylər danışırsan, vallah. Hazırlaş, sabah qonşunun maşınında aparacam səni şəhərə. Orada tanış həkim var. Doğrayıb atsın...

    - Günaha bataram...

    - Nə günah? Bəyəm təkcə bizik bu cür günaha batan? Bəyəm görünməmiş işdir?  Bunu hamı eləyir ki... Onda sənin sözünlə bütün dünya günah içindədir... Yaxçı ki, bu barədə cinayət məcəlləsində bir şey yoxdur. Bəlkə də var, mənim xəbərim yoxdur... Hazırlaş. Sabah gedirik...

    - Axı...

    - Axısı-zadı yoxdur. Bizim nəyimizə lazımdır bir çətən külfət? Elə uşaq doğub-törətmək bu kasıbların alnına yazılıb deyəsən. Bax gör bu varlıların, milyon qazananların neçə uşağı var? Bir ya, uzaqbaşı, iki... Amma bu kasıb bədbəxt... Mənim böyük külfəti saxlamaq imkanım haradandır? Fəhləyəm, daşyonanam, nazir-zad deyiləm ki... Bir əlimə bax, gör nə gündədir, lap yonulmamış daş parçasına oxşayır...

   - Sən məni anlamaq istəmirsən...

   - Sən də məni...

     ***

    Soyuq. Zülmət. Sükut.

    Əvvəllər hiss edirdilər ki, onları duyan, onları bir qədər, uzaqdan da olsa belə, oxşayan bir əl var. İndi bu əl də soyumuşdu sanki.

    Bacı öz aləmində idi: o, özünün sakit “yuvasında” arın-arxayın  “dincəlirdi”.

    Qardaş nəsə narahat idi: onun dincəlmək fikri yoxdu, ətcəbala quş kimi çırpınırdı.

     Bir dəfə boğuq bir uğultu eşitdilər. Sanki onları harasa, uzaq, uzaq olduğu qədər də qararanlıq bir yerə aparırdılar. Onlar, qardaş və bacı, işığa çıxmaq istəyirdilər. Bəs harada idi o işıq? Niyə görünmürdü? Əksinə, onlar zülmətə doğru üzürdülər. Onların hər ikisi yerlərində tərpənməyə başladılar...

   Sonra uğultu kəsdi...

   Yenə sükut.

   Az sonra inilti eşidildi.

    Uzaqda soyuq bir şeyin işıltısı duyuldu. Yox, bu, onların çoxdan bəri gözlədikləri işıq deyildi. O soyuq işıq, o soyuq parıltı özü ilə  nəsə bir fəlakət gətirməkdə idi. Bu, lap aydın hiss olunmaqda idi.

    Onların canından bir üşütmə keçdi.

    Qardaş bir zaman öz bacısı üçün nəsə etmək, ona nəsə özünün də bilmədiyi xoş bir iltifat göstərmək istəyirdi. Deyəsən, indi bunun vaxtı gəlib yetişmişdi.

    İnilti get-gedə artmaqda idi.

    Onun öz bacısına “kömək etmək” zamanı yetişmişdi. Bacısının qorxuya düşdüyünü aşkarca hiss edirdi. Qız “yuvanın” lap “dərinliyinə” çəkilmişdi. Qardaş onu, öz bacısını sanki yaxınlaşan müdhiş fəlakətdən qorumaq üçün irəliyə doğru dartındı. Hər necə olsa da o, özünü bacısından qoçaq və cəsarətli hesab edirdi.

     İndi inilti qışqırığa çevrilmişdi.

     Soyuq parıltı yaxınlaşmaqda idi.

     Hər tərəf qırmızı rəngə boyanmışdı. Onlar rəngləri hələ tam aydınlığı ilə seçə bilməsələr də hiss edirdilər ki, bu, onların çoxdan bəri gözlədikləri işığın gəngi deyil. Bu, nəsə başqa işıq idi. Əslində, bu, soyuq işartının gətirdiyi bir rəng, qan rəngi idi. Bu, lap yaxında olan, onlara doğru sürünən fəlakətin rəngi idi.

   İndi onlar, qardaş və bacı, əl-ələ verib bu qaranlıq aləmdən xilas olmaq istəyirdilər, amma onların əlləri bir-birinə çatmayırdı.

   İndi onlar ağız-ağıza verib qışqırmaq istəyirdilər, amma onların səsi bir-birinə yetməyirdi.

   Soyuq parıltı əvvəlcə onun, qardaşın sinəsinə dirəndi. Nəsə xırçıldadı. Qardaş lap “dərinliyə” çəkilmiş bacısının çırpındığını aydınca hiss edirdı.

   Daha sonra bu soyuq işartı dərinliyə, bacının sığınıb titrədiyi “yuvaya” doğru sürünməyə başladı...

   Bayaqkı qışqırıq  və iniltini hıçqırıq əvəz etmişdi...

  **

   - Yox, Allah bu günahı bağışlamayacq...

   - Yenə də Allah? Allahına şükür et ki, sağ-salamat qurtardın. Bu mənasız fikirləri də başından at getsin...

   - Ekiz imiş sən demə..

   - Nə? Ekiz?

   - Hə də...  Biri oğlan imiş, o birisi qız... Həkim əvvəlcə oğlanı götürüb. Sonra bilib ki, biri də var. Qız... Bizim üç oğlumuz var, mən həmişə qız arzulayırdım. Bacısız da qardaş olar? Biz bacı-qardaşı məhv elədik. Mən indi özümü cəllad yerində görürəm. Mən qatiləm... İki adamın qatili...

    - Bəs indiyəcən bunu hiss etməmişdin?

    - Nəyi?

    - Onların cüt olduğunu?

    - Yox... Bir də ki, indi bunu bilməyin nə mənası var ki?..

    - Yox ey... Bir var birini rədd edəsən, biri də var iksini birdən...

    - Nə fərqi var ki? Mən qatiləm, qatil... Ya birinin qatili oldun, ya da ikisinin...

    - Görən onları harada dəfn edəcəklər?

    - Dəfn? Bəyəm bətndə məhv edilən uşaqları dəfn edirlər ki?..

    Hər tərəfə soyuq bir sükut çökmüşdü.

                                  S O N
***

  Firuz Mustafanın “Qatillər”  hekayəsi haqqında rəylər

  Bu hekayədə sevgi ilə dünyaya gəlməmiş nə qədər körpələrin hissləri təsvir olunub... Və nə qədər nifrətlə o “ata” bu bədbəxtlərə yanaşıb. Onun yalnız əlləri yox, qəlbi də daşlaşmışdı. Bizim atamız isə həmişə anamıza – o, qorxa-qorxa növbəti uşağın olacağını xəbər verəndə belə deyərdi: “Narahat olma, əzizim. Harada dörd nəfərsə, beşinciyə də bir parça çörək tapılar”. Bizim isə hətta altımız böyüdüldü. Bax, kişi elə buna deyərlər. Qürur duyuram!
Çox kədərli hekayədir, amma indi cəmiyyət bu qədər korlaşıb ki, belə əməllərə görə heç kim təəssüf keçirmir.  Mənə dünyaya həsrətlə baxa bilməyən o körpələrin hissləri xoş gəldi.
Sizə hər şeyin yaxşısını arzulayıram.

Hörmətlə,
Emma R e y t e r
__

Bu güclü əsərin müəllifinin müdrikliyini hamıya arzulayıram! Oxuyub ağladım...

Hörmətlə,
Morro   M o r r o  

___

Bəli – belə bir hekayəni oxuyanda xristianları (müsəlmanları, yəhudiləri və s.) anlayırsan – abortların cinayət sayılmasını tələb edənləri, yaxud Amerikada dedikləri kimi “pro-life – anti-abortion activists” (yəni katolik kilsəsi) deyirsən. Belə bir əsəri oxumaq çox ağırdır!

Davud   M a y z l i n  

___

Sizin hekayəniz baş verənlərin həyati reallığı ilə sarsıtdı. Mən peşə etibarilə mamaçayam, Allaha şükür, belə bir manipulyasiyanı nə özümə, nə də başqa qadınlara etməli olmamışam, amma bu dəhşətli əməl mövcuddur və çox-çox, həm də tez-tez. İndiyədək arzuolunmaz hamiləlik probleminin həlli tapılmayıb, qorunmadan başqa. Amma etik sualı, mənəvi sualı, ruhani sualı həll etmək mümkün deyil. Qadın ya arzuolunmaz hamiləliyə görə günahkardır, ya da ondan xilas olduğuna görə günahkardır – bu hekayədə olduğu kimi. Bəs niyə dövlət, əksər hallarda kasıblıq ucbatından hamiləliyi dayandırmaqdan imtina edən qadınlara sahib çıxmır? Axı körpəni dünyaya gətirmək işin yarısı belə deyil, yarının cüzi bir hissəsidir, amma onu böyütmək maddi kömək olmadan demək olar ki, utopiyadır. Əlbəttə, çox vaxt valideynlər qızlarına uşaqlarını böyütməkdə kömək edirlər, amma hansı çətinliklərlə. Halbuki dövlətin xeyrinədir ki, əhali artsın! Bax, abortlardan imtinanın əsas həlli budur! Əlbəttə, neçə uşaq sahibi olmaq istədiklərinə ailələr özləri qərar verirlər, amma bu hekayədəki kimi qəddarlıq ruhu param-parça edir. Mən bu qadının yerində olsaydım, belə bir əri çox-çox uzaqlara göndərərdim və uşaqları yaşadardım.   

Tələbəlik illərimdən yadımda qalan belə möhtəşəm sözlər var:

Və bütün altı materikdə bundan gözəli yoxdur,

Bütün bəşəriyyət mamaçanın qucağında olanda!

Bəli, çox möhtəşəm əsərdir. Kiçik bir insana həyatına son qoymaq üçün xəstəxanaya gedənlərə yaddaş dərsi ola bilər. Sizə yaradıcılıqda uğurlar arzulayıram.

Hörmətlə,

Emiliya   O f l e d i 

___

Bədənin tüklərini biz-biz edir. Hər cümlə adamı emosional gərginlikdə saxlayır. Öz yaradıcılığınızı kütləvi oxucuya çatdırdığınız üçün təşəkkür edirəm.

Hörmətlə.

Svetlana   D a v ı d e n k o v a  

___

Təsirli hekayədir. Ruhun dərinliklərinə qədər işləyir.

Hörmətlə,

Olqa   P o s t n i k o v a  

__

Hörmətli Firuz Mustafa. Bu iki günahsız, həyata can atan varlığı necə də möhtəşəm təsvir etmisiniz... Yalnız gözəl üslub və məzmun deyil – həm də tərcüməçi Şahlo Qasımovanın bacarığı sayəsində qorunub saxlanılmışdır – hekayəyə müşayiət edən emosional gərginlik heyran edir. Sizin ağrınız və oxucuya ötürülən həmdərdliyiniz hiss olunur...

Bu mövzunu qaldırdığınız üçün təşəkkür edirəm. Bəlkə də bir çoxları belə bir qətl törətməzdən əvvəl düşünəcəklər...

Hörmətlə

Gülbəniz   Q ə m ə r l i n s k a y a
___

... əbədi “lehinə” və “əleyhinə” dilemması  olarsa... Səssiz müharibə və qadının seçimi – necə davranmaq lazımdır sualı meydana çıxır.
Mən bu haqqı qadının ixtiyarına buraxıram.
...məndə uşaq yoxdur, amma körpəni öldürə bilmərəm... böyüyü isə bəli. düzünü desəm. mən də ikiüzlüyəm və axmağam.
...şərtlərdən asılı olaraq.

T a y v a  

___

Qan adamın damarlarında donur. Amma... Bu məsələ qaldırıldıqda başqa bir sual yaranır: deməli, belə öldürmək olmaz, amma böyüyəndə – və cani könüllü! Silah əlinə alacaq və ya ya özü qatil olacaq, ya da kimisə öldürüləcək! Hər yerdə yalan və ikiüzlülük hökm sürür.

...Heç olmasa, anlayırsan. Böyüyü üzbəüz, ya da tamamilə müdafiəsiz, əlləri və ayaqları bağlı halda məhv etmək?..

Mira   P a p k o v a  

___

Çox güclü bir hekayə... Sadəcə tükləri biz-biz edir.

Bir dəfə sənədli filmə baxmışdım – abort zamanı dölün ana bətnində davranışını kamera ilə çəkirdilər, sizin təsvir etdiyiniz kimi olurdu. Çox istəyərdim ki, sizin hekayənizi daha çox insan oxusun.

Hörmətlə,

Nata   E d d  

___

Oxumaq fiziki olaraq ağrılıdır. Düşünürəm ki, onu yazmaq da çox ağrılı olub.   

Sizdə həmdərdlik var. Təşəkkür edirəm.

Hörmətlə,

Lyubov   L a v r o v a  

___

Natanın sözlərinə qoşuluram. Təsirli bir hekayədir.

Hörmətlə,

Olqa   T r u ş k o v a  

___

…Balaca insan yumruqlarını sıxmış halda yatırdı. Kiçik əllərini isə elə tutmuşdu ki, sanki özü üçün çox dəyərli, əvəzsiz bir şeyi saxlamağa çalışırdı...   
O dəyərli və əvəzsizi isə əlindən almışdılar!.. O, ölmüşdü.

Y.Q o r o d o v o y  

___

Dəhşətli, oxumağı belə sona çatdıra bilmədim.

Nataliya   L i s t i k o v a 

____

Niyə "sadə fəhlə" kontraseptiv vasitələrdən istifadə etmir? Bu, arvadını aborta göndərməkdən, sonra da mənəvi işgəncə çəkməkdən daha insaflıdır.

Qalina   N i k o l a e v a  

___

Bu hekayəni bütün ginekoloqların kabinetlərinin qapısına yapışdırmaq lazımdır.
Çox mühüm və aktual mövzuya toxunulub. Təsirli hekayədir!

Faina   N e s t e r o v a  

___

Bu problem haqqında yazdığınız üçün təşəkkür edirəm.
  Hər işinizdə uğurlar.
  Səmimi xeyirxahlıq arzuları ilə,

Natali   S o k o l o v s k a y a  

___

Onlara “kraliyyət əkizləri” deyirlər! Budur, həyat- kimisə övladsızlıq iztirab içində yeyir, başqalarını isə istəksizlik kasıblığa sürükləyir. Amma ən çox təsirləndiyim bu idi: “Yox... Birindən qurtulmaq başqa, amma birdən-birə ikisindən – tamamilə başqa...”

Nart   O r s t x o e v  

___

  Bu, çox mübahisəli mövzudur. Amma siz bir daha xatırlatdınız: hamiləliyin qarşısını almaq, dölü öldürməkdən daha yaxşıdır. Bunun üçün təşəkkürlər.

Hörmətlə,

Nataliya   Ş i ş o k  

___

Ürək sıxılır... çox dəhşətlidir...

Allah belə şeyi bağışlamaz!

Lina   Q a l i a n  

___

Firuz Mustafa, düzdür, şəxsən mənim başıma məhz belə bir günah (uşağı ana bətnində öldürmək) gəlməyib. Amma sizin hekayəniz məni dərindən sarsıtdı. Yəqin ki, biz insanlar olduğumuz üçündür; bu, bütün cəmiyyətə aiddir. Oxumuşam ki, abort zamanı doğulmamış uşaq ona yaxınlaşan dəmir alətdən xilas olmağa çalışır və dilsiz çığırtı ilə ağzını açır.

Tatyana   X a r x o v a 

___

  Balaca uşaqların böyük faciəsi. Böyüklər haqqında isə susaq.

İrina   N e k r a s o v a  

___

  Çox təsirli və amansız bir səhnədir, göz yaşları olmadan oxumaq mümkün deyil. Sizə hər şeyin ən yaxşısını arzulayıram.
Mən Mingəçevirdə 25 il yaşamışam, sonralar oradan köçmüşük. Gənclikdə rus dram teatrı yanında həvəskar teatr studiyasında oxuyurdum, amma tamamlamadım. İndiyədək həyat yoldaşımla Mingəçeviri xatırlayırıq – axı orada həm o, həm də uşaqlarımız doğulub. Milliyətindən asılı olmayaraq, həmyaşıdlarımızın çoxu ilə hələ də əlaqədəyik. Yanımızda azərbaycanlılar yaşayır. Ərimim bacısı qızının əri azərbaycanlı idi, dünyasını dəyişib. Uşaqlar ötən il Mingəçevirə getmişdilər, Bakıda da qohumların yanında olublar.

Vera   M a t r o s o v a  

___

Mövzu şübhəsiz ki, illərlə aktual və canlı qalıb.

 Amma oxumaq ağrılıdır – özüm də bu bağışlanmaz günahla yaşayıram...

  Xahiş edirəm, baxın bu kiçik hekayəyə.

Dailda   L e t o d i a n i  

___

  Bu, çox dəhşətli bir hekayədir.

  Oxuyarkən tüklərim biz-biz oldu.

  Mən heç kimi dinləməzdim, on dəfə doğardım, amma bir dəfə də olsun abort etməzdim.

 Siz əsərlərinizi çox təsirli yazırsınız.

 Təşəkkür edirəm.

Hörmətlə,

Valentina   Lukina-K u r ç a n o v a  

___

  Kədərli hekayədir.

  Və dəhşətlidir, çünki artıq heç nəyi dəyişmək olmaz.

  Bədbəxt qadın bundan sonra necə yaşasın?

  Hörmətlə,

Svetlana Y u ş k o

___

  Hörmətli Firuz Mustafa, siz çox dəhşətli, ürəkyandıran bir hekayə yazmısınız,   Allah göstərməsin, belə bir şey yaşamaq... Mən başa düşmürəm o anaları ki, hələ doğulmamış övladlarını öldürürlər. Onlar bununla bütün ömürləri boyu yaşamalı olacaqlar, amma necə? Axı bu günah heç vaxt, əbədi olaraq yuyulmaz...

Olqa A l e k s a n d r o v a

___

  Təəccüblüdür!

  Amma əgər sən uşağı dolandıra bilmirsənsə – heç başlamağa dəyməz.

  Günah hər ikisindədir.

Polozov N i k o l a y

___

  Çox faydalı, faciəvi bir hekayədir – “kiçik qətl” haqqında.

  Canıma toxundu. Bu günün əxlaqsız reallıqları ilə bağlı aktual, qlobal və ağrıdıcı mövzu yaxşı açılıb.

  Qarşınızda şapkamı çıxarıram...

  Hörmət və daha yaxşı dövrlərə ümidlə

Aleksey K r u t o v

____

  Dəhşətli hekayədir...

  Göz yaşımı saxlaya bilmədim

   Dərim ürpəşdi...

   ...Sizə minnətdaram, Firuz Mustafa.

    Bu, çox lazımlı və gözəl əsərdir.

  Hörmətlə,

Olqa A t a n o v a

___

  Oxudum və sarsıldım.

  Təşəkkürlər.

  Hörmətlə,

Ş a h l o

___

  Elə bil dəriyə şaxta toxundu. Belə yazmaq...

  Məncə, əgər bunu gənc qadınlar oxusa, heç biri qatillik etmək istəməz...

  Sizə böyük RAXMAT!!!

  Möhtəşəmdir!

Gülciğan Q a y n u l i n a

___

  Ürəklərdəşən.

  Sanki ruhun məsamələrindən keçib...

  Təəssüf ki, bu bizim cəmiyyətimizdə də var, insanlar arasında...

  Sizin hekayəniz heyrət doğurur, çünki hələ doğulmamış körpənin incə dünyasına varmaq lazım idi. Onlar – diridir!

  Çox mürəkkəb süjetli və ideyalı bir hekayə yaza bilmisiniz...

  Allah Sizə xeyir, sülh və xoşbəxtlik versin!

  Çox şadam.

  Təbəssümlə,

Lusena Bıkova-Ş v e t s

___

  Dəhşətli hekayə.

  Uşaqları ana bətnində və ya doğulduqdan sonra öldürmək böyük günahdır.

  Sizinlə razıyam. Amma sadə insanları səfalətə və canverməyə məcbur etmək günah sayılmır.

  Sizə, Firuz Mustafa, yaradıcılığınızda uğurlar arzulayıram.

  P.S. Sizə minnətdaram, ustad.

Lyudmila D e n i s o v a

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular