Dekabrın 23-də respublikanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, ötən gün 3 qəza baş verib.
Rəsmi məlumata görə, ötən gün saat 4 radələrində Masallı rayonunun Öncəqala kəndi ərazisində Lənkəran rayon sakini Ş.Fərəcov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə Ş.Fərəcovun sərnişinləri olan həyat yoldaşı Əminə və oğlu Aslan hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Analoji hal saat 11 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Füzuli rayon sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini P.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Günün daha bir hadisəsi saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində baş verib. Belə ki, qəsəbə sakini H.Nağızadə idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən X.Kərimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.