Modern.az

Bakı Meriyasında 100 min manatlıq qənaət necə baş verib?

13 Dekabr 2021, 11:59

Vüqar Tofiqli


“Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının dörd, rayon icra hakimiyyətləri başçılarının isə üç müavin vəzifəsi müəyyən edilib. Bu günlərdə Bakı rayonları icra hakimiyyətlərinin internet resurslarına göz gəzdirərkən Bakı ŞİH-i başçısının dörd, Bakı rayonlarından isə Binəqədi RİH-də iki,  Xətai və Pirallahı rayonlarında isə bir müavin vəzifəsinə hələ ki təyinat olmadığını gördük. Üstəlik, Nizami rayon icra hakimiyyətinin başçısı vəzifəsi də vakantdır.


Beləliklə, Bakının  şəhər və rayonlarına 40 müavin vəzifəsi, 13 (bir şəhər və 12 rayon) başçı-siyasi rəhbər müəyyən edilib. İnternet resurslarını vərəqləyərkən qarşılaşdığım bir maraqlı məqamı da diqqətə çatdırmaq istərdim.


Demək,  hazırda  Nizami RİH başçısı səlahiyyətlərini icra edən, Nizami RİH başçısının birinci müavini Qərib Məmmədov və  Sabunçu RİH başçısının müavini Avtandil Hüseynzadə 1993-cü ildən müavin vəzifəsinə təyin ediliblər. Yəni hər ikisi artıq 29 ildir bu vəzifədə çalışırlar. Bu bəlkə də rekord sayıla bilər. Onu da əlavə edim ki, hər iki şəxs haqqında cəmiyyətdə müəyyən mənada müsbət fikirlər səslənməkdədir.


Vakant müavin vəzifəsinə gəldikdə isə deməliyik ki, bir ildən artıqdır yuxarıda sadalanan  vəzifələr boşdur. Bakı ŞİH-də isə iki ildən artıqdır üç müavin və bir birinci müavin vəzifələrinə təyinat olmayıb. Bu günədək Bakı ŞİH-ə müavin vəzifəsinə təyinatın olmaması isə əslində digər vəzifələrin üzərinə düşən məsuliyyət yükünü bir xeyli artırıb. Əlavə edim ki, RİH başçılarının müavinlərinin təyinatı rayon  icra başçıları tərəfindən, Bakı ŞİH başçısının müavinlərinin  təyinatı isə ölkə başçısının sərəncamıyla həyata keçirilir.


Nəticə etibariylə belə qənaətə gələ bilərik ki, təyinatın olmaması dövlət büdcəsinə kifayət qədər maliyyə vəsaitinin qənaətinə imkan verib. Yəni orta rəqəmlə  müavin vəzifəsini  götürsək, əlavələri nəzərə almasaq, ortalama 800 manatla hesablasaq, il ərzində 8 müavin və bir icra başçısının vəzifəsinə təyinat olmadığından dövlət büdcəsinə 100 min manatdan artıq maliyyə vəsaitinə qənaət edilib. Ancaq  onu da əlavə edək ki, 12 rayondakı icra strukturunun ləğv edilməsi  bütovlükdə  dövlət büdcəsinə kifayət qədər vəsaitin qənaətinə imkan verə bilər.


Hazırda paytaxt rayon icra hakimiyyətlərinin elə də ciddi bir səlahiyyət sahibi olmamaları göz qabağındadır.  İlbəil bu qurumlardan müəyyən səlahiyyətlərin ardıcıl olaraq alınması perspektivdə bu strukturların ləğvinə gətirib çıxara bilər. Odur ki, regional idarəetməyə keçidə artıq zəruriət yaranmaqdadır.


Belə düşünmək olar ki, regional idarəetməyə keçid edildiyi bir vaxtda yerli hakimiyyətində bələdiyyələrə verilmə ehtimalı artır.


Odur ki, gözləməyə və  düşünməyə dəyər.      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?