Modern.az

İcra başçılarının vətəndaş qəbulları - Pis və yaxşı məqamlar...

Aktual

16 Yanvar 2023, 10:14

Vüqar Tofiqli

İcra başçılarının vətəndaş qəbulları, habelə  səyyar görüşləri barəsində müəyyən zaman kəsiyində fikirlərimi ötəri də olsa bildirmişəm. Ancaq indi sizə təqdim etdiyim yazıda bu mövzuya bir qədər geniş mənada toxunacağam.

Beləliklə, sosial media və rayon İcra hakimiyyətlətinə (RİH) məxsus internet resurslarda apardığım müşahidə və  araşdırma nəticəsində gəldiyim bəzi qənaəti oxucularımızla bölüşmək istərdim.

Qeyd edim ki, icra başçılarının səyyar görüşlərinin və vətəndaş qəbullarının təşkilində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Konkret olaraq vətəndaşın qarşılaşdığı problemləri operativ şəkildə dinləmək və onun həllinə nail olmağa söykənən  bu görüşlərin son illərdə simvolik şəkildə, sadəcə “fiksə” xatirinə və standart formada təşkili əslində humanist bir  addımın əsas məqsədini  kölgə altına alır.

Birincisi, görüşlərin keçirilməsiylə bağlı əvvəlcədən elanın, hətta  sosial media üzərindən paylaşılmaması, havanın qarlı-şaxtalı günlərində belə böyük əksəriyyəti  “JEK” işçiləri və məktəb kollektivi olanların darısqal bir otağa yığıb, siyasi rəhbərin yarım saat ərzində, əslində hamının bildiyi və eşitdiyi fikirlərin təkrar olaraq danışığından sonra  əvvəlcədən hazırlanmış vətəndaş suallarının siyasi rəhbərə ünvanlanması hər halda bu gün qəbul edilmir.  Bu arada qeyd edim ki, müşahidə etdiyim 30-dan artıq RİH-dən yalnız Hacıqabul RİH səyyar görüşlə bağlı elanı sosial media üzərində paylaşmışdı.

Bundan başqa, son günlərdə isə bir sıra icra başçıları rayonu təmsil edən deputatla və ya YAP-ın rayon təşkilatının sədriylə birgə qəbul keçirməsinin hansısa bir əhəmiyyətini görən olubmu?

Gəlin etiraf edək ki, RİH başçısı da, MM üzvü də, hətta YAP-ın rayon təşkilatının sədri də bir çox hallarda vətəndaş tərəfindən qaldırılan məsələnin onların səlahiyyət dairəsinə aid olmadığı üçün müvafiq orqana sorğu göndərmək məcburiyyətindədirlər. Bu isə hələ məsələnin həlli demək deyil. Əgər o qəbullarda, səyyar görüşlərdə konkret olaraq  sahələr üzrə məsul vəzifəli şəxslər iştirak etmirsə, belə görüşlərin təşkilinin, açıq etiraf edək ki, heç bir mənası yoxdur.  Maddi yardım üçün və ya torpaq sahəsi üçün müraciət edənləri isə dərhal bələdiyyənin üstünə göndərilməsi isə icra başçıları üçün adi hala çevrilib. Bələdiyyənin mülkiyyətində hər hansı torpaq sahəsinin olmadığını yaxşı bilən siyasi rəhbərlər vətəndaşı bələdiyyə sədrinin üstünə göndərməklə qəbulu bir növ yola vermiş olurlar.

İkinci narahatlıq yaradan məqam ondadır ki, bələdiyyənin üstünə göndərilən müraciətin  öz həllini tapdığı halda, yəni vətəndaşa bələdiyyə tərəfindən maddi yardım göstərildikdə, ya da torpaq sahəsinin ayrılmasıyla bağlı hansısa irəliləyişin olduğu halda dərhal həmin məsələ icra hakimiyyətinin adına yazılaraq bəh-bəhlə  saytda və sosial mediada paylaşılır.  Əziyyət çəkən, maddi yardım üçün maliyyə vəsaitini  hətta öz cibindən keçirən bələdiyyə sədrləri belə vaxtda nədənsə yada düşmür. Şəhid ailələrinə göstərilən diqqətdə bələdiyyələrin əvəzsiz rolu olmasını, şəhidlərin adlarının ədəbiləşdirilməsində, şəhid bulaqlarının tikintisində bələdiyyələrin gördüyü işlərin RİH-lər tərəfindən  öz adlarına çıxılması isə heç bir məntiqə sığmır. Yaydıqları məlumatlarda belə bələdiyyələrin adlarının çəkilməməsi ümumiyyətlə seçikili orqan təmsilçilərinə qarşı hörmətsizlikdir.

Qəbullara, səyyar görüşlərə bələdiyyədən başqa hər hansı orqanın təmsilçisini belə gətirdə bilməyən icra başçısı vəzifəsini tərk etsə, fikrimcə, daha yaxşı olardı.

Üçüncüsü, qəbullardan, səyyar görüşlərdən paylaşılan şəkillərə, hazırlanan məlumatlara diqqət yetirmək kifayətdir ki, vəziyyətin hansı səviyyədə olduğunun şahidi olasan. Mətnlərdə ancaq məkan və zaman dəyişilir. Habelə eyni məzmunlu şəkillərin  sosial media üzərindən “süzgəcdən”  keçirilmədən paylaşılması adi hala çevrilib.  Məsuliyyətsizlik o dərəcəyə çatıb ki, bəzən “ağına-bozuna” baxmadan  paylaşılan şəkillərə bir çox hallarda geniş auditoriya baxmadığından diqqəti çəkmir. Sevindirici haldır ki, bu istiqamətdə bizim müdaxiləmiz sayəsində bir çox hallarda  həmin  şəkillər dərhal dəyişdirilib.

Beləliklə, müşahidə apardığım əksəriyyət RİH-lərdə çalışan məmurların passıvliyi, heç bir yeniliyə can atmamaları, qısası təşəbbüs göstərməmələri sözsüz ki, təəssüf doğurur. Ən əsası əhalinin RİH-lərə olan etimadını sual altına alır.

Son olaraq qeyd edim ki, sual oluna bilər ki, bizim tərəfimizdən  RİH-lərlə bağlı bütün fikirlərimizdə ancaq onların fəaliyyətinin “qara” rəngdə görünməsi də qəbul edilən deyil. Düzdür. Razıyam. Ancaq  səlahiyyəti çərçvəsində real iş görənlər barmaqla sayıla biləcək qədər olsa da var və  etiraf edim ki, bununla bağlı fikirlərimi daimi yazmışam. Yəni RİH-lərin fəaliyyətindəki “qara” rənglə yanaşı,  “ag” rəngli məqamları da yazılarımda qeyd etmişəm.

Əgər Səbail RİH başçısı Səbail bələdiyyəsinin sədriylə birgə vətəndaşın məhəlləsinə gedib onun problemi ilə yerindəcə tanış olursa və həllinə müəyyən mənada nail olursa sözsüz ki, bu məqam həm də icitmailəşdirilməlidir. Nərimanov RİH-in başçısının bütün görüşlərdə bələdiyyə sədrinin bir tərəfdaş kimi qəbul etməsi və təqdimatı, Sabunçu RİH başçsının bələdiyyənin inzibati binasının həlliylə bağlı bələdiyyə sədrindən daha çox maraqlanması da təqdirəlayiqdir. Burda bir məqamı unutmayaq ki, siyasi rəhbərlərin bu addımları həm də bələdiyyənin nüfuzunun artmasına RİH tərəfindən verilən  dəstək kimi başa düşülməlidir. Ancaq  təəssüf ku, bu cür hallar barmaqla sayıla biləcək qədərdir.

Bir yerdəki RİH-in şöbə müdiri yaradılan “votsap qrupu”nda bələdiyyələrə ültimativ tonda səs göndərirsə və ya ancaq RİH-in paylaşdığı materiallara tərif xarakterli fikirlərin yazılmasını tələb edirsə buna nə ad verək...

Məhz bu məqamları nəzərə alıb, yerli icra hakimiyyəti strukturlarının ləğv edilərək, səlahiyyətinin bir qisminin regional idarəetmə orqanına və bir qismini isə bələdiyyələrə verilməsinin daim tərəfdarı olaraq çıxış edirəm. Bu arada əlavə edim ki, Milli Məclisin bəzi  üzvlərinin bizim də dəstək verdiyimiz bu fikirlərə müsbət mənada münasibət bildirmələri təqdirəlayiqdir. Hər halda, bu fikir beynəxalq təcrübəyə söykənən bir arzu, təşəbbüsdür. Bu təşəbbüsün gec-tez ölkəmizdə də öz həllini tapacağına isə qəti əminəm və  inanıram.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır