Modern.az

İcra başçılarının xüsusi poza verməkləri...

Ölkə

23 Fevral 2023, 11:35

Son aylarda bir sıra rayon İcra hakimiyyətləri bəh-bəhlə başçıların səyyar qəbulları barədə məlumatları sosial media üzərindən paylaşırlar. Demək olar ki, paylaşılan şəkillərdə və məlumatın mətnlərində elə ciddi fərq olmasa da, bəzi icra başçılarının kamera qarşısında xüsusi olaraq dayandıqlarını görməmək mümkün deyil. Hətta paytaxt rayonlarında təşkil edilən görüşlərdə eyni simaların görünməsi də artıq mənə təəcüblü gəlmir. Məhz bu vəziyyətlə yaxından tanış olmaq üçün siyasi rəhbərlərin səyyar görüşlərində iştirak etmək qərarına gəldim. Və maraqlı məqamların şahidi oldum.

Son bir ay ərzində paytaxtın iki rayon İcra hakimiyyətinin təşkil etdiyi səyyar görüşdə iştirak etdim. Məqsədim, yuxarıda yazdığım kimi, səyyar görüşlərin necə və hansı formatda təşkil edilməsi ilə maraqlanmaq və bununla bağlı fikirlərimi oxucularımla bölüşmək idi.

Beləliklə, Sabunçu RİH başçısı Adil Vəliyevin səyyar görüşünü Balaxanı qəbəsəsində, Xəzər RİH başçısı Elşən Salahovun qəbulunu isə Şüvəlan qəsəbəsində keçirilən görüşdə bir kimsəni məlumatlandırmadan iştirak etdim.

***

Əvvəlcə səyyar görüşün gedişi ilə bağlı bəzi diqqətimi çəkən məqamlara toxunmaq istərdim.

Yüksək təşkilatçılğı ilə seçilən hər iki görüşdə kimin harada oturması, hətta hansı sualla müraciət etməsi əvvəlcədən planlaşdırılsa da, hər halda Sabunçunun başçısı Adil Vəliyevin iki saatdan artıq ayaqüstə suallara cavab verməsi diqqətimdən qacmadı. Bu müddət ərzində suallara cavabların verilməsi, canlı şəkildə problemlərin həlliylə bağlı müxtəlif vəzifə sahiblərinə zənglərin edilməsi, hətta Vətən müharibəsi iştirakçısını işlə təmin edilməsi üçün zavod direktoruna zəng etməsini isə təqdirəlayiq hesab etmək olar. Başçının Balaxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin heç bir məntiqə sığmayan iki hərəkətini çıxsaq, görüşü müsbət dəyərləndirmək olar.

Xəzərin icra başçısının da görüşündə yenə Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi görüşdən əvvəl həyəcan keçirsə də, qəsəbənin problemləri ilə bağlı məqamlarda məsələ haqqında məlumatlı olması məqbul sayıla bilər. Nümayəndənin və icra hakimiyyətində çalışan məmurların cavablarından hiss olunurdu ki, ərazini dəqiq tanıyır, qaldırılan məsələdən agahdırlar.

Təxminən qırx dəqiqəyə yaxın çəkən görüşdə ancaq su problemi, küçələrin işıqlandırılması və məhəllədaxili yollara asfalt vurulması barədə məsələnin qabardılmasını hər halda məqbul saymaq olmaz.

Əlavə edim ki, Balaxanı qəsəbəsində müraciət edənlərin əksəriyyəti işsizliklə, Şüvəlanda daha çox su problemiylə bağlı idi.


Hər iki görüşün müsbət və çatışmayan tərəfləri var idi. Balaxanı qəsəbə sakinlərində aktivlik hiss edilsə də, bunu Şüvəlan qəsəbəsində görmədim. Üstəlik, hər iki qəsəbədə əmlakla bağlı ciddi problem yaşansa da, bu barədə məsələnin qaldırılmaması, üstəlik qaldırılan məsələlərin mövzusunun seçimində icra hakimiyyətinə aid problemlərin səsləndirilməsinə üstünlük verilməməsi də, fikrimcə, qəbuledilən deyil. Ən əsası, səyyar görüşlər barədə məlumatın vaxtında ictimailəşdirilməməsi, görüş barəsində anonsun sosial media platformalarında paylaşılmaması yaxşı hal hesab edilə bilməz.

Hər iki görüşdə bələdiyyələrin də təmsilçilərinin olması, üstəlik Şüvəlanda bir sakinin bələdiyyənin fəaliyyətinə yüksək qiymət verməsi, icra başçılarının isə bələdiyyə sədrlərinə qarşı normal müraciət formasını seçməsini dəyərləndirmək lazımdır.

***

Biz qısa şəkildə səyyar görüşlər barəsində görünən, üzə çıxan məqamlara toxunduq. Hər halda etiraf etməliyik ki, bu gün yerli icra hakimiyyəti orqanlarında, xüsüsən də paytaxt rayon icra hakimiyyətlərində ciddi bir səlahiyyət qalmayıb. Hazırda bu orqanların əsas vəzifəsi koordinasiya funksiyasını yerinə yetirməkdən keçir.

Gəlin etiraf edək ki, müraciətlərin yönləndirilməsiylə mövcud problemin həllini sürətləndirmək yox, əksinə, sakin üçün əlavə vaxt itkisinə şərait yaradırıq. Nəticədə problemin həlli ləngiyir və sakin narazı qalır. Odur ki, indiki halda keçirilən səyyar görüşlərin formatını məqbul saymaq olmaz. Bü gün qeyd edilən sahədə yeniliyin, müasir informasiya texnologiyalarından istifadənin tətbiqinə ehtiyac var. Onu da əlavə edim ki, bəzi RİH-lər tərəfindən əvvələr bununla bağlı təşəbbüs göstərilmişdi. Binəqədi RİH yanında bir müddət əvvəl yaradılan "Sakinlərin Müraciət Xidməti" həqiqətən bir işə yarayırdı. Xidmətin bu gün fəaliyyəti hiss olunmasa da, hər halda onun fəaliyyətinin canlandırılmasına ehtiyac var. Düşünmək olar ki, yeniliklərin tətbiqi sakin üçün bir tərəfdən vaxt itkisinə son qoyacaq, digər tərəfdən cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu təmin etmiş olacaq.

Ancaq bütün bunlarla yanaşı, RİH-lərdə elə bir səlahiyyətin qalmadığını nəzərə alaraq, regional idarəetməyə keçidi sürətləndirmək lazımdır.

***

Mən bu yazıda bəzi diqqət çəkən məqamlara müəyyən məsələləri nəzərə alıb toxunmadım. Ancaq digər görüşlərdə iştirakımdan sonra toxunmadığım məqamlar barədə də çalışıb fikrimi bildirəcəyəm.

Son olaraq bildirim ki, bizim məqsədimiz aydın və konkretdir. Biz daim cənab Prezidentin məmurlardan tələb etdiyi sakinlərin məmnunluğunun təmin edilməsində vətəndaş cəmiyyətinin təmsilçisi olaraq öz töhfəmizi verməyə çalışırq.

Vüqar Tofiqli,
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar