Modern.az

"Qarabağ" MOİK-i uddu, universitetə silahlı hücum oldu - MODERN İCMAL

Aktual

22 Dekabr 2023, 10:48

Dünənin vacib hadisələri sırasına Xankəndidəki "Qarabağ"-MOİK oyunu, Mərkəzi Seçki Komissiyasının qərarları, bir sıra təşkilat və siyasi partiyaların, ictimai fiqurların seçkilərlə əlaqədar mövqeyini müəyyənləşdirməsi, Çexiyanın Karlov Universitetinə silahlı hücum, Rusiya baş qərargahının rəisi Valeri Gerasimovun Qarabağla bağlı birmənalı qarşılanmayan açıqlaması və digər xəbərlər daxil olub.

 

Modern.az 21 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Mərkəzi Seçki Komissiyası (MSK) daha 6 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib. Bu barədə qərar Komissiyanın bu gün keçirilən iclasında qəbul edilib. Beləliklə, namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslərin sayı 7-yə çatıb. Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləmişdi. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi bu gün təsdiqlənən daha 6 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb. Bu barədə MSK-nın iclasında məlumat verilib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayin səlahiyyətli nümayəndələrini qeydə alıb.

 

"Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına çalışır". Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov danışıb. "Rusiya Federasiyası Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, eləcə də kəskin erməni-azərbaycanlı ziddiyyətlərinin həlli üçün siyasi yol üzərində məqsədyönlü iş aparır", - deyə Gerasimov belə deyib. "Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir: vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə davamlı tendensiyaya malikdir", - o iddia edib. Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə danışarkən onları "sülh və sabitliyin əsas qarantı" adlandırmışdı.

 

Xankəndi şəhərində "Qarabağ"-MOİK matçı keçirilib. Prezidentin çıxışı ilə başlayan oyunda Nəriman Axundzadənin vurduğu qol "Qarabağ"ı 1:0 hesabı ilə qalib edib. Futbolçu qolu şəhidlərə həsr etdiyini açıqlayıb.

 

Rusiyanın Ukraynadakı itkiləri 350 mini geridə qoyub. "ABŞ tərəfində Şimali Koreyanın Rusiyaya 1000 konteynerdən çox hərbi texnika və sursat tədarük etdiyi barədə peyk görüntüləri ilə təsdiqlənmiş məlumat var". Bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib. "Biz hesab edirik ki, Pxenyan sursat müqabilində Rusiyadan digər hərbi texnologiyalar almaq istəyir", - deyə o qeyd edib. Xatırladaq ki, bununla bağlı daha əvvəl də müxtəlif məlumatlar yayılmışdı. "Ukraynanı tərk etmiş və hərbi xidmətə yararlı olan kişilərdən gələn il çağırış mərkəzlərinə müraciət etmələrini istəyirik". Bunu Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib. Lakin o, bəzi sanksiyaların da tətbiq oluna biləcəyini açıqlayıb: "Onlar könüllü gəlməsələr, nə baş verəcəyini hələ də müzakirə edirik". Xatırladaq ki, bu yaxınlarda Ukrayna Ali Radasının xalq deputatı Maryana Bezuqlaya xaricə gedən və vətəndaşlığını qaytarmayanların səfərbərlikdən məhrum edilməsi ideyasını nəzərdən keçirməyi təklif etmişdi.

 

Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub. Silahlı şəxs insanları atəşə tutub. Hadisə Praqanın Yan Palaç meydanında yerləşən təhsil ocağında baş verib. "Hazırda bütün bina boşaldılır və hadisə yerində onlarla ölü və yaralı var", - polis bildirib. Məlumata görə, atışma zamanı 20-yə yaxın şəxs həlak olub, 30-a yaxın yaralı var. Polis Yan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir. Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini bildirib.

 

Deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək. Bu barədə qərar partiyanın bu gün keçirilən iclasında qəbul edilib. Bildirilir ki, Vəhdət Partiyasının Siyasi Şurasının təklifi ilə Baş Məclis İlham Əliyevin növbəti dəfə Prezidentliyə namizədliyini dəstəkləmək haqqında qərar qəbul edib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bəyan edib. Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib. Bundan başqa, sabiq XİN başçıları Elmar Məmmədyarov və Tofiq Zülfüqarov da İlham Əliyevə səs verəcəklərini açıqlayıblar.

 

“Gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə xarakterli efir vaxtına start veriləcək”. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O, həmçinin əlavə edib ki, MSK nümayəndələri regionlarda dairə seçki komissiyalarının üzvlərini təlimlərə cəlb edəcəklər.

 

“İşğaldan azad edilmiş ərazilərdə yaradılmış 26 seçki məntəqəsindən 22-24-ü ölkənin digər yerlərindəki seçki məntəqələrinə ən yaxşı nümunə ola bilər”. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. Sədr vurğulayıb ki, hazırda bu məntəqələrdə son tamamlama işləri aparılır: “Seçki məntəqələrinin üzvləri əsasən orada məskunlaşan şəxslərdən ibarət olacaq”.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Sosial media siyasətə necə təsir edir? - Ana səhifədən seçki qutusuna...

Türklərin Yeni il bayramı: NARDUĞAN - Xristianlar onu necə mənimsəyiblər...

Azərbaycanın ən gənc və yaşlı səfiri: Onlar kimlərdir?

Ümidsiz atəşkəs danışıqları: Bu dəfə HƏMAS "YOX" dedi

Xankəndi stadionunda dava - 40 il əvvəlki hadisənin canlı şahidi DANIŞIR

"Ermənilər qorxudan stadiona girmirdilər" - Aqil Abbas Xankəndidə

Xankəndidə "Qarabağ"ın oyununun şahidi olmaq insanın gözlərini yaşardır - Rəşad Məcid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza