Modern.az

Türklərin Yeni il bayramı: NARDUĞAN - Xristianlar onu necə mənimsəyiblər...

Türklərin Yeni il bayramı: NARDUĞAN - Xristianlar onu necə mənimsəyiblər...

Reportaj

21 Dekabr 2023, 11:20

İlin sonu yaxınlaşır. Dünyanın bütün xalqları bayrama hazırlaşır. İlsonu kimisi üçün Yeni il bayramı, kimisi üçün isə həzrəti İsanın doğuşu olaraq qeyd edilən Milad bayramıdır. İl sonunda qeyd edilən bu bayram daha çox xristianlar arasında dəb halını alıb. Əslində isə o, qədim türklərdən gəlmə adət-ənənə əsasında formalaşıb. Başqa sözlə, xristianlar Yeni il bayramını türklərdən götürüblər.

Türklərdə şam ağaclarının bəzədilməsi ənənəsi qədim dövlərdən mövcud olub...

Ağ şam (Ağcaşam) ağacı Yer üzünün tam ortasında – Orta Asiyada bitir.

Qədim türklər onu həyat ağacı da adlandırırdılar. Bu ağacı bütün xalçalarımızda, kilimlərimizdə, tikmələrimizdə bir obraz kimi görə bilərsiniz.


Günəş türklər üçün çox önəmlidir. Onların inancına görə, gecələrin uzanıb gündüzlərin qısaldığı 22 dekabrda gecə-gündüz döyüşür.

Uzun sürən savaşdan sonra 22 dekabrda gündüz gecəni məğlub edərək qalib gəlir.

Bu, türklərin ağ şam ağacının altında böyük şənliklərlə qeyd etdiyi Günəşin qələbəsi və yenidən doğulmasıdır.

Məhz bu səbəbdən 22 dekabr tarixi türklər üçün çox əhəmiyyətlidir.

Günəşin yenidən doğulması həyatın yeni bir doğuşu kimi qəbul edilir.

Türk toplumları bu bayramı NARDUĞAN adlandırırlar (nar-günəş, duğan-doğan deməkdir), yəni Günəş doğuşu.

Müxtəlif türk xalqlarına və onların ləhçələrinə görə bayramın adı dəyişsə də, onun forması dəyişmir. Məsələn: tatarlar bu bayrama “Koyaş tuğa” (yəni “Günəş doğan”), başqırdlar və udmurtlar “Narduqan” və ya “Marduqan”, çuvaşlar “Nartavan” və ya “Nartuken” deyirlər.


Qədim türklər Günəşi geri verdiyinə görə Tanrı Ülgenə dua edirdilər.

Duaları Tanrıya yetişsin deyə, ağacın altına hədiyyələr qoyurdular: budaqlarına rəngli saplar bağlayaraq, Tanrıdan o il üçün arzular diləyirdilər...

Bu bayram üçün evlər təmizlənir, gözəl paltarlar geyinilirdi. Ağacın ətrafında mahnı oxunur, qopuz çalınır, rəqs edilir, müxtəlif əyləncələr təşkil edilirdi.

Yaşlılara - babalara, nənələrə baş çəkməyə gedirdilər. Onlarla bir araya gəlib təzə və qurudulmuş meyvələr, xüsusi yeməklər, şirniyatlar yeyiyir, şənlənirdilər (Şaxta baba və Qar qız obrazları da buradan götürülüb-red.).

İnanclara görə, bayram qohum-əqrəba bir yerə yığışaraq qeyd olunardısa, insanların ömrü uzanar, bəxtəvərlik artardı.


Ağ şam ağacı yalnız Orta Asiyada bitir.

Ərəblər bu ağacı tanımırdılar. Fələstində bu ağacın yetişməsi iqlimə görə mümkün deyil. Belə olan halda şam ağacını bəzəmə ənənəsinin İsanın doğuşuna da aidiyyatı yoxdur.

Qədim türklər isə ağ şam ağacını ölümsüzlüyün simvolu olaraq qəbul edirdilər.

Bəzi tarixi mənbələrdə bu bayramın məhz türklərdən xristianlara keçdiyi, Avropaya gələn hunlardan götürüldüyü də deyilir.

Beləliklə, bu bayramın həzrəti İsanın doğulması ilə heç bir əlaqəsi yoxdur. Bu ənənənin ərəblərə müxtəlif səbəblərlə Mesopotamiyaya köçmüş islamaqədərki türklərdən keçdiyi, daha sonra oradan Anadolu vasitəsilə Avropaya yayıldığı və günüzə qədər gəlib çatan Yeni il bayramı olduğu sanılmaqdadır. Xristianlar qədim türklərdən mənimsədikləri Narduğan bayramının adını dəyişdirərək, onu Milad adıyla yenidən dünyaya təqdim ediblər.

Narduğan bayramı hər il 22 dekabrdan sonra gələn ilk bütöv ayda qeyd olunur.


P.S. 2023-cü ildə qış fəslinin (Qış Günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-si saat 07:27:19-a təsadüf edəcək.

Qış Günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Daha sonra gündüz tədricən uzanmağa, gecə qısalmağa başlayır.

Narduğan bayramınız mübarək!


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?