Dünən Sabirabadda 12 yaşlı qızla 32 yaşlı kişinin nişan mərasimi ilə bağlı yayılan görüntülər, Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket və dron hücumları, seçkilərlə bağlı prosesin aktivləşməsi və mövqelərin müəyyənləşməsi, eləcə də digər hadisələr gündəmdə oldu.
Modern.az 29 dekabr tarixini əhatə edən icmalını təqdim edir:
Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın nişan görüntüləri yayılıb. Məsələ ilk dəfə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində işıqlandırılıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər. “Yalandan bəyin 29 yaşı olduğunu demişdilər. Məlum oldu ki, 32 yaşı var. Qızla aralarında 20 yaş fərq var. Oğlanın adı Kərimdir”, - deyə verilişin aparıcısı bildirib.
Ukraynanın paytaxtı Kiyevə Rusiya tərəfindən kütləvi dron və raket hücumu edilib. Həmçinin Lvov, Xarkov və digər vilayətlərə də hücum təşkil olunub. Podolsk vilayətində isə təxminən 3000 m2 sahəni əhatə edən anbar yanır. Çoxlu yaralılar var, say dəqiqləşdirilir. Hazırda zərərçəkənlərin axtarışı aparılır. Kiyevin Svyatoşinski rayonunda yaşayış olmayan çoxmərtəbəli binada yanğın qeydə alınıb. Digər yerdə isə park edilmiş 3 avtomobil yanıb. Hər iki yanğın söndürülüb. 1 nəfər həyatını itirib. Paytaxtın Şevçenko rayonunda yaşayış binasına ziyan dəyib. Qaraj sahəsində baş verən yanğın söndürülüb. Anbarlarda və qeyri-yaşayış binalarında da yanğın qeydə alınıb. İlkin olaraq həlak olan 6 nəfərin şəxsiyyəti müəyyən edilib. Darnitski rayonunda evə ziyan dəyib. Yanğın yoxdur. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
"Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesləri anklavlar məsələsi ilə bağlı suallara cavab verəcək". Bunu Ermənistanın ərazi-idarəetmə naziri Qnel Sanosyan deyib. "Sadəcə bu ərazilər haqqında danışmaq başqa, onların hüquqi əsaslarına gəldikdə isə başqa... Yalnız bundan sonra ya mübadilə həyata keçiriləcək, ya da bəzi yerli qərarlar qəbul ediləcək", - deyə o qeyd edib.
Bu il dünya əhalisi 75 milyon artaraq 8 milyarda çatıb. Bu barədə ABŞ-ın Siyahıyaalma Bürosunun açıqladığı məlumatda deyilir. Rəqəmlərə görə, dünya əhalisi son bir ildə 75 milyon nəfər artıb və Yeni il günü bu rəqəm 8 milyarddan çox olacaq. Ötən il dünya üzrə artım tempi 1%-dən bir qədər az olub. Siyahıyaalma Bürosunun rəqəmlərinə görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm gözlənilir. Ötən il ABŞ-da artım tempi 0,53% təşkil edib ki, bu da dünya üzrə göstəricinin təxminən yarısıdır. ABŞ əhalisinə 1,7 milyon insan əlavə olunub ki, bununla Yeni il günü əhali 335,8 milyon nəfər olacaq. Cari temp onilliyin sonuna qədər davam edərsə, 2020-ci illər ABŞ tarixində ən yavaş artım olan onillik ola bilər. "2020-ci ildən 2030-cu ilə qədər olan 10 illik dövr ərzində 4%-dən az artım sürəti ola bilər", - Brukinqs İnstitutunda demoqrafı Uiliam Frey deyib. 2024-cü ilin əvvəlində ABŞ-da hər 9 saniyədə bir doğuş və hər 9,5 saniyədə bir ölüm baş verəcəyi gözlənilir. Bununla belə, immiqrasiya əhalinin azalmasının qarşısını alacaq. Xalis beynəlxalq miqrasiyanın hər 28,3 saniyədə ABŞ əhalisinə 1 nəfər əlavə edəcəyi gözlənilir. Doğum, ölüm və xalis beynəlxalq miqrasiyanın bu birləşməsi ABŞ əhalisini hər 24,2 saniyədə 1 nəfər artıracaq.
Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Dekabrın 29-da Qərbi Azərbaycan İcmasının (QAİ) növbədənkənar ümumi yığıncağı keçirilib. Ümumi yığıncaq 2024-cü il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin namizədliyinə dəstək mövzusuna həsr edilib. Bundan başqa, sabiq dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova da seçkilərdə İlham Əliyevə səs verəcək.
Çinin yeni müdafiə naziri təyin olunub. Bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Belə ki, bu posta Donq Cun gətirilib.
“Qırmızı Körpü” gömrük postunda 230 yük maşını növbə gözləyir.
Argentina BRICS-ə üzv olmaqdan imtina edib. Bu barədə ölkənin prezidenti Xavyer Miley açıqlama verib. O, məsələ ilə bağlı təşkilata məktub da ünvanlayıb və qeyd edib ki, BRICS-ə üzvlük Argentina üçün məqsədəuyğun hesab olunmur. Qeyd edək ki, bir neçə ay əvvəl Argentina bir sıra digər ölkələrlə birlikdə BRICS-ə qoşulmaq barədə müraciət etmişdi.
Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib. "Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - H.Hacıyev vurğulayıb.
Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan tutduğu vəzifədən azad edilib.
"Rusiya Federasiyasının bu səhərki kimi kütləvi raket hücumlarını təkrarlamaq üçün kifayət qədər raket ehtiyatı var". Bunu Ukraynanın müdafiə naziri Rustem Umerov sosial şəbəkədə yazıb. “Aydındır ki, işğalçı dövlətin malik olduğu bu cür raket ehtiyatları ilə onlar bu cür hücumları davam etdirə bilərlər və davam etdirəcəklər”, - o əlavə edib. Xatırladaq ki, Ali Baş Komandanın məlumatlarına əsasən, Rusiya Federasiyası bu gün Ukrayna ərazisinə 122 raket və 36 dronla hücum edib. Onlardan 87 raket və 27 pilotsuz uçan aparatı vurulub.
Rusiyanın nəqliyyat naziri Vitali Savelyevin iştirakı ilə Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsi telekörpü vasitəsilə açılıb. Nazir qeyd edib ki, Yaraq-Kazmalyar məntəqəsinin yenidən qurulması yükdaşıma qabiliyyətini iki dəfədən çox artırmağa imkan verib. Hərəkət zolaqlarının sayı 14-dən 22-yə yüksəlib. “Bu il biz yük avtomobillərinin keçidi üzrə rekord vurduq - 2 mindən çox yük maşını. Bu, 2022-ci illə müqayisədə 10% çoxdur”, - Savelyev bildirib. Dağıstan Nazirlər Kabinetinin rəhbəri Əbdülmüslim Əbdülmüslimovun sözlərinə görə, Yaraq-Kazmalyar məntəqəsinin yenidən qurulması həm Rusiya mallarının ixracını, həm də Rusiyaya beynəlxalq malların idxalını artıracaq. "Bu, öz növbəsində, Dağıstan Respublikasının və bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına əlavə təkan verəcək", - o çıxış edib. Gürcüstanla sərhəddə yenidən qurulan “Yuxarı Lars” avtomobil buraxılış məntəqəsinin də telekörpü vasitəsilə açılışı olub. Təkmilləşdirmədən sonra yükdaşıma qabiliyyəti iki dəfədən çox artaraq gündə 1,5 min yük avtomobilinə çatdırılıb. “Bu il Yuxarı Lars sərhəd-keçid məntəqəsindən 335 mindən çox yük maşını keçib ki, bu da keçən illə müqayisədə 19% çoxdur. Bu da mütləq rekorddur”, - Savelyev əlavə edib. Yaraq-Kazmalyar çoxtərəfli avtomobil keçid məntəqəsi Azərbaycan, İran, Hindistan və Cənubi Asiya, eləcə də Fars körfəzinin digər ölkələrinə yüklərin tranzitinin, ixracının və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir. O, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən əsas obyektlərdən biridir. Yuxarı Lars Gürcüstanla sərhəddəki yeganə avtomobil keçid məntəqəsidir və Rusiyanın ən işlək məntəqələrindən biridir.
Türkiyəli məşhur müğənni Serdar Ortaç son durumu barədə açıqlama verib. O qeyd edib ki, xəstəliyinin müalicəsi yoxdur: “Ayaqqabılarımı təkbaşına çıxarmaqda çətinlik çəkirəm. Ayağımı itirmək riskim var”. Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb. Xatırladaq ki, 53 yaşlı Serdar Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.
"2024-2025-ci illərdə Ermənistandakı AES-də iki mühüm layihə tamamlanacaq". Bunu ölkənin ərazi-idarəetmə nazirinin müavini Hakob Vardanyan mətbuat konfransında bildirib. O deyib ki, bu, AES-in xidmət müddətinin uzadılması proqramı çərçivəsində həyata keçirilir. "Bura yeni açıq paylayıcı qurğunun tikintisi və soyutma qüllələrinin təmiri daxildir", - nazir müavini əlavə edib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar: