Modern.az

2023-cü ildə itirdiyimiz JURNALİSTLƏR - FOTOLAR

2023-cü ildə itirdiyimiz JURNALİSTLƏR - FOTOLAR

Media

29 Dekabr 2023, 14:02

Yola salmağa hazırlaşdığımız 2023-ci il bir çox yaxşı və pis hadisələrlə yadda qaldı. Pis hadisələr sırasında həmkarlarımızla bağlı itkiləri də qeyd edə bilərik.

Modern.az saytı 2023-cü ildə vəfat edən jurnalistlərin siyahısnı təqdim edir:
 



Yanvarın 11-də “Xalq qəzeti"nin əməkdaşı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış ssenarist Mehdi Mükərrəmoğlu vəfat edib.
Mehdi Mükərrəmoğlu 1977-ci ildən “Kino yenilikləri” qəzeti və “Yeni filmlər” jurnalının birgə redaksiyasında jurnalist fəaliyyətinə başlayıb. Əvvəlcə bu redaksiyada redaktor, sonra məsul katib vəzifələrində çalışıb.
1992-ci ildən “Kino” qəzetinin baş redaktoru, “Azərkinovideo” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsin mütəxəssis kimi işləyib. Bu müddətdə Azərbaycan Dövlət Universitetində və Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
2002-ci ildən “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi fəaliyyət göstərirdi.
Azərbaycan mədəniyyəti ilə bağlı 2000-ə yaxın məqalə və digər janrda materiallar hazırlayıb dərc etdirib.



Fevralın 28-də jurnalist, media üzrə mütəxəssis Ellada Mustafayeva vəfat edib. 34 yaşlı jurnalist xanım xərçəng xəstəliyindən dünyasını dəyişib. O, bir neçə il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. Son illərdə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətində çalışıb.


18 iyun tarixində Moderator.az saytının təsisçisi və baş redaktoru Zülfüqar Hüseynzadə işğaldan azad edilmiş Kəlbəcər rayonunda, doğma kəndi Başlıbeldə dünyasını dəyişib. Şəkər xəstəliyindən əziyyət çəkən jurnalistin ürək tutmasından vəfat etdiyi bildirilib.
20 iyulda Azərbaycan Televiziyasının (AzTV) tanınmış aparıcısı Natəvan Babayeva vəfat edib. Natəvan Babayeva daha öncə ANS televiziyasının aparıcılarından biri olub. Tanınmış jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirdi.




7 sentyabrda əfsanəvi sovet jurnalisti, “Sovinformbüro”nun keçmiş baş redaktoru, Nürnberq məhkəməsində tərcüməçi olmuş məşhur azərbaycanlı Ənvər Məmmədov 100 yaşında vəfat edib.
O. 1956-1959-cu illərdə SSRİ-nin Vaşinqtondakı səfirliyinin müşaviri-elçisi, "SSRİ" jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə Sovet İnformasiya Bürosunun baş redaktoru, sədrin birinci müavini, 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Komitəsi sədrinin birinci müavini işləyib.
1964-cü ilin avqustunda "Mayak" radiosunun yaradılmasında iştirak edib.
Ə.Məmmədov uzun müddət RİA Novosti xəbər agentliyində çalışıb. Son vaxtlar bu agentlikdə məsləhətçi işləyib. İngilis, alman, italyan və fransız dillərini bilirdi.
Həmkarları onu “sovet və rus jurnalistikasının patriarxı” adlandırırdılar.




14 sentyabrda Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, dosent Mübariz Əhmədov 54 yaşında vəfat edib. Onun ölümünə infarct səbəb olub.
Mübariz Əhmədov 1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan" qəzetinin təsisçisi və ilk baş redaktoru olub. Sonralar Azərbayacana köçüb. O, bir sıra informasiya saytları ilə, o cümlədən Modern.az-a əməkdaşlıq edirdi.




28 sentyabrda deputat, jurnalist Qənirə Paşayeva dünyasını dəyişib. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görmüş və o, ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya yerləşdirilmişdi.
Həkimlərin səylərinə baxmayaraq Qənirə xanımın həyatını xilas etmək mümkün olmayıb.
Qənirə Paşayeva 1998-ci ildən ANS telekanalının Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.
 



29 sentyabrda 52 il Naxçıvanda çıxan "Şərurun səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışan Əməkdar jurnalist Elman Məmmədov 73 yaşında vəfat edib.




3 dekabr tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Yalçın Əlizadə 83 yaşında vəfat edib. Y.Əlizadənin televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair 100-ə yaxın elmi məqaləsi, iki dərsliyi, üç sənədli publisist kitabı işıq üzü görüb.1989-cu ildə “Əməkdar jurnalist” fəxri adı, 2000-ci ildə “Tərəqqi” medalı və 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.


Allah həmkarlarımıza rəhmət eləsin!


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir