Xəzər Universitetinə yeni rektoru Raziyə İsayeva ilə bağlı bir sıra iddialar yayılıb.
Sosial şəbəkələrdə və mətbuatda onun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı olduğu iddia edilib.
Modern.az-ın məlumatına görə, Hamlet İsaxanlı iddiaları təkzib edib.
O bildirib ki, 15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunub.
"Birinci rektor Nyu-York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq", - Hamlet İsaxanlı "Teleqraf"a açıqlamasında deyib.
Təsisçi qeyd edib ki, yeni rektor onun qızı deyil:
"O mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Raziyə xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb".