Modern.az

Regional idarəetmə, böyük şəhər bələdiyyəsi və ya bələdiyyələrin inkişafı...

8 Dekabr 2021, 14:43

Vüqar Tofiqli

Ölkə başçısının müvafiq sərəncamından sonra ölkəmizdə 14 iqtisadi rayonun yaradılması və bu günlərdə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəliyinin rəhbəri olmuş Emin Hüseynovun  Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi regional idarəetmə ilə  bağlı fikirləri yenidən gündəmə gətirdi. Biz uzun müddətdir ki, məhz bu  mövzu ilə bağlı məqamları diqqətdə saxladığımızdan gec də olsa müəyyən fikirlərimizi yenidən bölüşmək istərdim. 


Öncə qeyd edim ki, icra başçılarının yerlərdəki mütləq hakimiyyətə sahib olması bir çox vacib mərkəzi icra orqanlarının fəaliyyətinə ciddi təsir etdiyindən, bəzi nazirliklər bu və ya digər adlarla əsasnamələrində dəyişiklik edərək xeyli vaxtdır ki, regional idarəetməyə artıq  keçid ediblər. Və bununla da nazirliyin regional idarələrinə icra başçılarının müdaxiləsinə konkret olaraq son qoyulub. Bəyənilən addımdır. Və gəlin etiraf edək ki, rayondakı siyasi rəhbərlərin əlində bu gün elə də bir güclü səlahiyyət və ya “yem yeri” qalmadığınıdan   bələdiyyələrə də bu ya digər formada müdaxilələr artıb. Sözsüz ki, bu məqam bütün icra başçılarına şamil edilmir.  Amma fakt  elə fakt olaraq qalır. İcra başçısı həbs edilən rayonlardakı fəaliyyət və real vəziyyət deyilənləri bir daha təsdiq edir. Ancaq regional idarələrin yerlərdə sistemsiz şəkildə yaradılması nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə ürəkaçan səviyyədə təsir etməməsi narahatlıq yaratmaqdadır. Yəni mərkəz icra orqanlarının işini yüngülləşdirmiş olsa da, yerli icra hakimiyyətinin işində problem yaratmaqdadır.


Bu gün Bakı şəhərində 12,  Gəncə şəhərində 2 və ümumilikdə respublika üzrə 67 rayonun icra strukturlarının saxlanılmasına kifayət qədər büdcədən vəsait ayrılır. Sual olunur, ayrılan maliyyə vəsaiti özünü neçə doğruldur? Ümumiyyətlə, bu sahəyə ayrılan maliyyə vəsaitinin  qarşılığında onun neçə faizi fəaliyyət nöqteyi-nəzərindən geri qayıdır? Faydalılıq əmsalı neçə faiz təşkil edir? Ola bilər kimsə hansısa mənbəyə istinad edib hansısa rəqəmin ayrılmasını əsaslandırsın, amma əbəs yerə. Səkkiz  rayonun icra başçısının rüşvət üstündə həbsi, o cümlədən  köhnələrlə yanaşı,  yeni təyin edilənlərlə bağlı mediada səsləndirilən fikirlər bu sistemin artıq özünü dögrultmadığından  xəbər verir desəm, yəqin ki yanılmaram.


Artıq regional idarəteməyə keçid zəruriəti zamanın tələbinə çebrilib. Ancaq onu da deməliyəm ki, bu prosesin həlli elə də asan məsələ deyil. Bu məqamla bağlı qəbul edilən qərarlar elə qəbul edilməlidir ki, bir də təkrar məsələyə qayıdılmasın.


Bu gün 14 iqtisadi rayon üzrə regional idarəetmə sisteminin yaradılması məqbul sayılmalıdır. Yəni regional idarələrdə məhz 14 region üzrə formalaşdırılan mərkəzi icra strukturu səviyyəsinə uyğunlaşdırılmalıdır. Sonra isə Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərdən sonuncusu olanı, yəni Bakı və iri şəhərlərə Böyükşəhər bələdiyyəsinin yaradılması  həyata keçirilməlidir. Ancaq ən əsası regional idarəetməyə  aid olan rayonların idarəedilməsi və bununla bağlı olan səlahiyyətlər  bələdiyyələrə verilməlidir. Bu gün məhz yerli icra strukturlarının aktiv siyasəti sayəsində bələdiyyələr cəmiyyətə ölü bir qurum, torpaqsatan və guya cəmiyyətdə bütün neqativi yaradan bir qurum kimi təqdim edilsə də əslində belə deyil. Etiraf edək ki, işləməyən, cəmiyyətdə hörmət, çəki və nüfuz qazanmayanlarda az deyil. Ancaq bu gün yerli icra hakimiyyətlərinin həyata keçirdikləri layihələrin böyük əksəriyyətini əgər bələdiyyələr icra edirsə, demək bu qurumlara da etibar etmək olar və bu dünya təcrübəsində də belə qəbul olunub.  Əslində mərkəzi icra orqanı müəyyən səlahiyyəti vətəndaşın öhdəsinə verməklə həm öz işini yüngülləşdirmiş olur, həm də vətəndaşın öz məsuliyyətini artırmış olur. Ancaq bələdiyyələrin, habelə milli bələdiyyə assosiasiyalarının da birləşdirilməsi gündəmə gətirilməlidir. Etiraf edək ki, bu qurumların sayçoxluğunun olması həqiqətən  bu gün elə də  bir səmərəsi yoxdur.


Beləliklə, birmənalı olaraq regional idarəetməyə keçidə start verilməlidir. Doğma Qarabağımızda tətbiq ediləcək yeni idarəetmə sistemi tezliklə bütün ölkədə tətbiqi nəticə etibaryilə həm büdcə vəsaitlərini qənaətinə, həm  mövcud problemlərin həllinin sürətləndirməsinə, həm də idarəetmə də əksmərkəzləşməni tətbiq etməklə ölkəmizin soslal-iqtisadi inkişafına  öz töhvəsini vermiş olacaqdır.     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı