Modern.az

Əsirlər qayıtdı, körpü çökdü, sülh müqaviləsi isə... - MODERN İCMAL

Əsirlər qayıtdı, körpü çökdü, sülh müqaviləsi isə... - MODERN İCMAL

14 Dekabr 2023, 10:40

13 dekabrın ən vacib hadisəsi Qazax-İcevan sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi olub.

 

Modern.az 13 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Dünən Qazax və İcevan rayonlarının sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi baş tutub. Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. "Səhhətim yaxşıdır, sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır". Bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundov deyib. "Bu gecə saat 12-dən 4-ə kimi Aqşinin anası ilə uşaqlarımızı necə qarşılayacağımızdan danışmışıq". Bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundovun anası Şəhla Axundova billdirib. Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu gün azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib. "32 erməni hərbçi Azərbaycan-Ermənistan sərhədini keçib və artıq Ermənistan Respublikasındadır". Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib. Azərbaycanın qarşı tərəfə təhvil verdiyi erməni hərbçilərin siyahısı. Bakı Livan ermənisinin əvəzinə Qarabağ ermənisini İrəvana verib.

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

 

Jurnalist Hafiz Babalının saxlanıldığı barədə xəbər yayılıb. Dostlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əvvəlcə Hafiz Babalının evində axtarış aparıblar. Daha sonra onun özünü idarəyə gətiriblər. Qeyd edək ki, əsasən iqtisadi mövzularda araşdırma aparan Hafiz Babalı həm də “Turan” Agentliyinin əməkdaşıdır.

 

Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh üçün “fürsət qapısı” açılıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Parlamentdə çıxışı zamanı deyib.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri gələn ay Vaşinqtonda görüş keçirəcək. Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib. Onun sözlərinə görə, Azərbaycan Vaşinqton görüşünə razılıq verib. Rəsmi Bakı hələlik heç bir açıqlama verməyib. “Hazırda bu barədə məlumatımız var, Brüssellə bağlı iş heç vaxt dayanmayıb, Brüsseldə görüşün baş tutması üçün işləri davam etdirirlər”, - deyə Marukyan bildirib. Marukyan qeyd edib ki, imzalanmağa hazır olan yekun sülh müqaviləsi layihəsi yoxdur. "Ümid odur ki, yanvarda gözlənilən xarici işlər nazirləri səviyyəsində biz sazişin mətninin yekunlaşacağı nöqtəyə çatmalıyıq", - o əlavə edib.

 

Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidəçilər göndərməyi planlaşdırır. Bunu MDB-nin baş katibi Sergey Lebedev TASS-ın sualına cavab olaraq bildirib. O qeyd edib ki, təşkilat Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkilərinə, həmçinin 2024-cü ilin fevralında Belarusda keçiriləcək parlament və yerli seçkilərə müşahidəçilər göndərəcək. Lebedevin sözlərinə görə, Azərbaycandan müşahidə üçün MDB-yə dəvət göndərilib. Birliyin baş katibi qeyd edib ki, indiyədək müşahidəçi missiyasının göndərilməsi ilə bağlı yazılı dəvət yalnız Bakıdan göndərilib. "Bu barədə bizə şifahi məlumat verilib, lakin indiyədək Azərbaycandan bunu yalnız yazılı şəkildə almışıq", - Lebedev əlavə edib.

 

Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırdır. Bunu dekabrın 13-də Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan brifinqdə bildirib. “Ermənistanın qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər bir daha təsdiqlənsə və sülh sazişində öz yerini taparsa, ondan sonra sülh müqaviləsinin imzalanması artıq texniki məsələdir”, - deputat deyib. Xandanyanın sözlərinə görə, Ermənistanın sonuncu dəfə Bakıya göndərdiyi təkliflər o formada sülh sazişində yer alarsa, müqavilənin ilin sonunda imzalanacağı istisna edilmir. "Ancaq vəziyyətin praktikada necə olacağını gözləmək lazımdır", - deputatı vurğulayıb.

 

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu dekabrın 15-də başa çatacaq.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları təltif edilib.

 

"Ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtina gürcülər üçün məğlubiyyət, Rusiyanın isə qələbəsi olacaq". Bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Azadlıq radiosu"na müsahibəsində bildirib. O deyib ki, qərar yaxın günlərdə veriləcək. Zurabişvilinin fikrincə, imtina gürcüləri böyük məyusluğa, Rusiyanı isə eyni dərəcədə qane olmağa sövq edəcək. "Belə olsa, Rusiya Gürcüstanın boz zonada qalacağına inanacaq. Rusiya üçün bu, Gürcüstanla "oynamaq olar" deməkdir", - Zurabişvili əlavə edib. Dekabrın 14-dən 15-dək Avropa İttifaqının sammitində genişlənmə məsələləri müzakirə olunacaq. Nəticələrə əsasən, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusu ala bilər. Həmçinin, Ukrayna, Moldova və Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına icazə verilə bilər.

 

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün perspektivlərini şərh etməkdən yayınıb. Nazir müavini jurnalistlərin sualına cavabında belə deyib: “Diplomat kimi mən proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”. Qaluzin bildirib ki, Rusiya tərəfinin Ermənistan və Azərbaycana liderlərin 2020 və 2022-ci ildə formalaşdırdıqları prinsiplər əsasında sülh danışıqları üzrə dialoqu davam etdirmək çağırışı qüvvədə qalır.

 

Regionlar üzrə pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

 

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub. Bakı şəhərində davam edən yağışlı hava şəraiti nəqliyyatın hərəkətini iflic edib.

 

Ermənistan parlamentinin birinci spikeri Babken Ararktsyan ölüb. O, 79 yaşında dünyasını dəyişib. Erməni Milli Hərəkatının yaradıcılarından biri olan Ararktsyan 1994-cü ildə Bişkek Protokolunu Ermənistan tərəfdən imzalayan şəxs olub.

 

"Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı bildirib.

 

ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.

 

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərindən 15 və 20 dekabr tarixlərinə qədər məcburi sosial sığorta və vergi ödənişlərini etmələrini tələb edib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Brüssel danışıqları bərpa olunur - “Mən çox nikbinəm” - Şarl Mişellə MÜSAHİBƏ

 

"Atam fəxr edərdi, övladı Şuşaya direktor olaraq gedir" - Güllələnən icra başçısının qızı ilə MÜSAHİBƏ

 

Müharibələr adiləşir... - İnsan ölümü bəşəriyyət üçün niyə normaya çevrilib?

 

Xankəndidə yaşayan Mişadan müraciət: "Hər şey qaydasındadır" - VİDEO

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu