Modern.az

Brüssel danışıqları bərpa olunur - “Mən çox nikbinəm” - Şarl Mişellə MÜSAHİBƏ

Brüssel danışıqları bərpa olunur - “Mən çox nikbinəm” - Şarl Mişellə MÜSAHİBƏ

Müsahibə

13 Dekabr 2023, 10:28

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması üçün çalışır. Brüssel danışıqları bərpa olunur.

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosuna verdiyi müsahibədə deyib.

O bildirib ki, sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Mişelin sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması yönündə müxtəlif modellər müzakirə mövzusudur. Bundan başqa, o qeyd edib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması, ən azından səfər edə bilməsi üçün imkan yaradılmalıdır.

Şarl Mişel Azərbaycanın güc yolu ilə Zəngəzurdan dəhliz aça biləcəyi ilə bağlı müxtəlif Qərb ölkələri rəsmilərinin narahatlığına da münasibət bildirib.
 

– Ermənistan tərəfi yaxın gələcəkdə, hətta bu ilin sonunadək Azərbaycanla sülh sazişinin bağlana biləcəyini istisna etməyib. Sizin gözləntiniz nədir, bu saziş tərəflər arasında birbaşa bağlanacaq, yoxsa beynəlxalq vasitəçilərin dəstəyi ilə?
 

– Məndən ötrü vacib olan nəticədir. Bilirsiniz ki, biz Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Məlum olduğu kimi, tərəflər arasında istər tarix, istərsə də bir-birinə münasibət baxımından çox böyük çətinliklər olub. Amma biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəhbərliyi birgə açıqlama yayıb. İndi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə modellərin tapılması yönündə çalışmaq məsələsində hər iki tərəfdə siyasi iradə müşahidə hiss olunur. Biz Avropa İttifaqında tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq.
 

– İmzalanacaq sülh sazişində yer alan müddəaların icrası üçün konkret təminatçı olacaqmı?
 

– Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı bu regionda olanları izləyir, çünki Cənubi Qafqaz təhlükəsizlik, iqtisadi inkişaf baxımından nə qədər irəliləyərsə, bu, Avropa İttifaqı, elə dünya üçün də yaxşı olar. Məsələn, biz düşünürük ki, etnik ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq, ən azından ora səfər etmək haqları təmin edilməlidir. Və beynəlxalq standartlara uyğun olaraq, milli azlıqların təhlükəsizliyinin qorunması baxımından buna təminat verilməlidir. Azərbaycan Konstitusiyasında yer alan milli azlıqların qorunması çərçivəsində buna təminat olmalıdır. Biz həm Nikol Paşinyan, həm də İlham Əliyev ilə bütün çətinliklərin aradan qaldırılması yönündə danışıqlar aparırıq. Mən səmimi şəkildə inanıram ki, bugünlərdə əldə edilmiş irəliləyişin ardınca münasibətlərin normallaşması və bu mühüm regionda təhlükəsizliyin gücləndirilməsi yönündə - doğru istiqamətdə əlavə addımlar atılacaq.
 

– Sülh sazişində Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə aid ayrıca maddə olacaqmı, yoxsa onların regionu kütləvi tərk etməsi baxımından bu, artıq əhəmiyyətini itirib?
 

- Mən məsələni qəlizləşdirməmək üçün detallara çox varmaq istəməzdim. Amma indi münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın. O ki qaldı Qarabağ ermənilərinə, Avropa İttifaqı bu məsələni hərtərəfli diqqətdə saxlayır, biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticə olaraq Avropa İttifaqı üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik.
 

– Sizcə, Qərb ölkələri rəsmilərinin Azərbaycan rəhbərliyinə güc yolu ilə Ermənistan ərazisindən dəhliz açmaqdan çəkinməklə bağlı xəbərdarlıqlarının arxasında nə dayanır? Belə qorxu üçün real əsas varmı?
 

– Mən konkret olaraq onu deyərdim ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır. Prezident Əliyev dəfələrlə aydın şəkildə bildirib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma konkret modellərlə bağlı müzakirələr aparılır. Elə bir model olmalıdır ki, Ermənistanın ərazi bütövlüyü pozulmasın. Bu konkret mövzulardır ki, müzakirə edilir. Mühüm mövzudur, çünki bu məsələni həll edə bilsək, regionda iqtisadi əməkdaşlığın güclənməsinə və, beləliklə, regionun iqtisadi cəhətdən daha da inkişaf etməsinə nail ola bilərik.
 

– Yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqlarının son ay ərzində dayanmasını, Azərbaycan tərəfinin Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə danışıqlardan imtinasını necə şərh edərdiniz?


– Dekabrın 11-də burada Azərbaycanın xarici işlər naziri ilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş olub. Bu onu göstərir ki, biz hər iki tərəflə daimi kontaktdayıq. Yaxın günlərdə Ermənistanın xarici işlər naziri ilə də görüş olacaq. Biz səhnə arxasında çox fəalıq, həm Azərbaycan, həm də Ermənistanla irəliləyiş əldə olunması üçün ciddi iş aparırıq. Azərbaycan və Ermənistanın birgə açıqlaması həm də ona görə baş tutdu ki, qismən biz də bu işdə iştirak etdik, onlara bu məsələdə kömək etdik, açıqlamada yer alan məsələlərdə mövqelərini yaxınlaşdırmaq üçün onlara müəyyən təkliflər, ideyalar verdik. Biz sülh sazişinin imzalanması yönündə əlavə addımların atılması üzərində işləməyə davam edirik. Eləcə də Brüsseldə baş tuta biləcək görüşlərin təşkili üzərində işləyirik. Amma fikrimizcə, görüşlərin yeri məsələsindən nəticəsi daha vacibdir. Ermənistandakı, Azərbaycandakı insanlar üçün də, bizim üçün də sülh, təhlükəsizlik, firavanlıq daha vacibdir.

Azərbaycan son illərdə Brüssellə yanaşı, Vaşinqton və Moskvanın vasitəçiliyi ilə də Ermənistanla danışıqlar aparıb.
 

Son aylarda danışıqlar dalana dirənmişdi. Azərbaycan Prezidenti İlham Əliyev Qranadadakı sülh danışıqlarına getməmişdi, bunu Türkiyənin görüşlərdə iştirakına imkan verilməməsi ilə izah etmişdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Vaşinqtondakı danışıqlara qatılmamışdı. ABŞ rəsmiləri bildirmişdilər ki, Azərbaycan Ermənistan ərazisindən dəhliz açmağa çalışsa, ABŞ buna qarşı çıxacaq, hətta Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin bərpa oluna biləcəyi ilə bağı xəbərdarlıq etmişdilər. Son aylar Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvanın vasitəçiliyi ilə sülh danışıqlarına qatılmamışdı.

44 günlük müharibə zamanı və ondan sonrakı illərdə Azərbaycan işğal olunmuş bölgələri üzərində nəzarəti tam bərpa edib. Tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyan bəyanatlar versələr də, hələ ki sülh sazişi imzalanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada