Modern.az

Qazaxıstan aksiyalarında təhlükəli ssenari

Analitika

5 Yanvar 2022, 08:47

Elçin Alıoğlu

Qazaxıstanda baş verənlərin çox maraqlı və eyni zamanda təhlükəli ssenarisi var.

Hər şey zahirən Manqistau vilayətində başlanıb.

Qazaxıstanın Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 3-dən kütləvi etiraz aksiyaları keçirilir.

Buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub.

Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.

Əlverişsiz hava şəraitinə görə etirazçılar böyük çadırlar quraraq orada gecələyiblər.

Yüzlərlə insan hökumət qarşısında 3 tələb irəli sürüb: qazın qiyməti 1 litr üçün 60 təngəyə endirilsin; tarlalarda yeni işçilərin işə götürülməsinə qoyulan moratorium (mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması - red.) aradan qaldırılsın, ərzaq qiymətləri aşağı salınsın.

Ölkənin Energetika Nazirliyi açıqlamasında bildirib ki, qazın qiymətini indi tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq. Hökumət qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir, çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür.

Etirazlar fonunda Baş nazir Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb.

Prezident Kasım -Jomart Tokayev isə öz tvitter hesabında yazıb ki, Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb.

Respublikanın baş nazirinin mətbuat katibliyindən bildirilib ki, görüşdə şəhərin təşəbbüs qrupu ilə danışıqların nəticəsi açıqlanıb. Qeyd olunub ki, Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.

Bunlar hadisələrin görünən məqamlarıdır.

Görünməyən məqamlar isə odur ki, Qazaxıstanda dövlət çevrilişinə cəhd var.

Cəhd aşkar geosiyasi çalardadır.

Küçələrə çıxaraq etiraz aksiyaları keçirənlərin şüarlarının əksəriyyətini ölkə prezidenti Tokayevin yox, hökumətin və ölkənin ilk prezidenti Nursultan Nazarbayevin hakimiyyətdən kənarlaşdırılması tələbləri təşkil edir.

Nazarbayevin hazırda yeganə rəsmi vəzifəsi Qazaxıstan Təhlükəsizlik Şurasının katibi postudur.

Bu post ona ölkəni Avrasiyaya inteqrasiyanın məcrasında saxlamağa, Rusiya və Çinlə sıx əlaqələri qorumağa imkan verir.

2019-cu ildə prezident, bu il isə iqtidardakı "Nur Otan" partiyasının sədri postlarını tərk edən Nazarbayevin son postundan da kənarlaşdırılması Qazaxıstanın xarici siyasət yönünün dəyişməsi ilə nəticələnə bilər.

Hadisələri öz adı ilə çağırsaq, Qazaxıstanda "Maydan" ssenarisi işə salınıb. Amma Ukraynadan fərqli olaraq, Qazaxıstandakı "Maydan" avropasayağı "məxməri" olmaya bilər.

Qazaxıstandakı situasiyanı içdən partlatmağa çalışan qüvvələr isə ölkə xaricindədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var