Modern.az

Yaponiya başqa planetdir

16 Avqust 2021, 09:55

Elçin Alıoğlu

"Yaponiya başqa planetdir".


Bunu Gündoğar ölkədə, yaponların özlərinin "Nihon" adlandırdıqları məmləkətdə olanların tam əksəriyyəti deyir.


Yaponlar gerçəkdən də, fərqli insanlardır.


Dəqiqlik və punktuallıqda almanlardan, zövqdə və sənətə sayğıda italyanlardan, musiqi və ədəbiyyat tutqunluğunda fransızlardan, zəhmətkeşlikdə çinlilərdən, biznes vərdişlərində amerikalılardan qat-qat üstün olan yaponlarda məmurlara münasibət də fərqlidir.


Məmurların xalqa münasibəti təki.


1600-cı ildə, söqun Toyotomi Hidzeyosinin ölümündən sonra taxta Tokuqava İeyasu çızdı. O, Sökiqahara yaxınlığındakı döyüşdə Toyotominin tərəfdarlarını darmadağın edəndən sonra 15 il ölkəni idarə etdi, Edo şəhərində yeni söqunluğun əsasını qoydu.


Məhz bu səbəbdən yaponlar ölkələrinin 1603-1867-ci illərdəki tarixini Edo dövrü adlandırırlar.


İndi Yaponiyada yerli prefektura və rayonların inzibati-idarəetmə strukturlarının rəhbərlərinin, yəni prefektlərin və rayon başçılarının davranış kodeksi də Edo dövründən gəlir.


Məhz bu səbəbdən Yaponiyada prefekt və ya rayon rəhbəri olmaq çətindir. Bu adamların həyat yoldaşlarının işi isə lap çətindir.


İki səbəb var - "Edo kodeksi" və Yaponiyanın coğrafi xüsusiyyətləri.


Bilirsiniz, Yaponiyada çox tez-tez zəlzələlər olur. Bəzi yer təkanlarından sonra isə sakinlər evsiz-eşiksiz qalırlar.


Onlar zəlzələdən "sağ çıxmış" məktəblərdə, müvəqqəti qurulmuş tikililərdə, idman zallarında və s. yaşamalı olurlar.


Əksər hallarda isə çadır şəhərciklərində.


Edo kodeksinə görə, zəlzələ, sel, daşqın, torpaq sürüşməsi və s. kimi təbii fəlakət baş verərsə, insanların evləri dağılarsa, yerli rəhbər mütləq (!) fəlakət məkanına yollanmalıdır. O, xanımı ilə birlikdə həmin məkanda müvəqqəti yaşamalıdır.


Özü də Yaponiyada hələ də işlək olan Edo kodeksinə görə, rəhbər müvəqqəti yaşayış üçün fəlakət zonasında ən pis yeri seçməlidir.


Məsələn, yəni idman zalında yer və ya çadır arasında seçim yaranarsa, çadır seçilməlidir.


Yerli rəhbərin müavinləri, şöbə müdirləri və bütün yerli məmurlar da həmin məkana üz tutmalı, orada məskunlaşmalıdır.


İndi düşünün: zəlzələ zonası, fəlakət yeri, hər yer dağılıb. Yerli rəhbər xanımı ilə çadırda yaşayır, yerdə yatır. Xanımı qaz balonu gətirib, şorba bişirir.


Yerli rəhbər də yaxınlıqda qatlanıb-açılan plastik kətildə oturub, məmurları yığıb, toplantı keçirir.


Çoxmu oturacaq o plastik kətildə?


Fəlakətdən zərər çəkmiş son yerli sakinin problemi həll olunadək.


Yerli rəhbər çadır şəhərciyini sonuncu olaraq tərk etməlidir.


Əcnəbilər bunu "yapon dövlət idarəçiliyi menecmentinin effektivliyi" adlandırırlar, seminarlarda və treninqlərdə danışırlar.


Məsələ "effektivlik"də deyil.


Hələ Edo dövründə söqun əmr etmişdi: fəlakət baş verdimi, yerli rəhbər mütləq xanımı ilə oraya yollanmalıdır.


Niyə xanımı ilə?


Çünki yerli rəhbər çadırda çox yaşaya bilər. Başına yığacaq məmurları, sake, balıq tutmaq, ov, əyləncə.


Təbiət qoynunda istirahət yəni.


Niyə də yox - okean sahili, təmiz hava, tonqal...


Xanımı isə onun bu əyləncəsini burnunun iki deşiyindən tökər.


Çadırda yaşayan xanım sürəkli deyinir - "bezdim çadırda qalmaqdan, uşaqlar başsız qalıb, işlərini tez qurtar, evə qayıtmalıyıq".


Yerli rəhbər də köks ötürür, naçar qalır və başlayır işləri tez görməyə.


Çünki bu iş yaponların “qomen nasay”, yəni üzrxahlıq ayininin bir hissəsi də sayıla bilər.


Edo dövründəkilər insanları, ələlxüsus da məmurları əla tanıyırdılar...

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var