Modern.az

Aqil Abbas tam haqlıdır

14 Dekabr 2021, 16:41

Elçin Alıoğlu

Qədim dostum Aqil Abbas haqlıdır. Tam haqlı.

“Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı, nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz eşidəcəyik”.

Bunu deputat Aqil Abbas parlamentdə çıxışında deyib. O xatırladıb ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İrəvandan İstanbula reys açdıqlarını bildirib:

“Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur Dəhlizi açılsın. Ora gedib o qiymətə uçuş edim. Benzin, dizel bizim... Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra- qaldıra getsin. Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən qardaş?! O gün oxuyuram ki, hoteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!”.

Hotellərdə yer sifariş edən əsasən yerli turistlərdir. Əhali daha çox Şimal bölgəsi və dağlıq rayonlarda dincəlir. Quba-Qusar, Şamaxı-İsmayıllı, Qəbələ-Şəki zonalarında Yeni ili keçirməyə üstünlük daha çoxdur. Pandemiya mövcud olandan isə xarici ölkələrə, xüsusən Dubaya, İstanbula, Avropa ölkələrinə gedənlər demək olar ki, yoxdur.

Otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib.

Şahdağ Hotellərində 1 nəfər üçün 1 gecə 515 manatdan başlayır. 2 nəfər üçün 1 gecə isə xidmətə görə 700 və 870 manat arasında dəyişir. Qafqaz Tufandağ Oteldə 2 gecə üçün, iki nəfərlik yataq otağının qiyməti 3200 manatdır.

Qəbələdə Nohur gölü ətrafında yerləşən Chenot Palace Health Wellness Hoteldə dekabrın son günləri üçün 3 gecə 2 nəfərlik 1 otaq 8100 manatdır.

Quba otellərində də istirahət qiymətləri xidmətə görə dəyişir. Dağların arasında və meşələrin əhatəsində yerləşən otellərdə gecələmək daha bahadır. Məsələn, 31 Dekabr - 2 Yanvar tarixlərində 2 gecəlik qiymət Deluxe Dağ Mənzərəli Otaqda (2 nəfərlik) - 1500, Deluxe Göl Mənzərəli Otaqda (2 nəfərlik) isə 1600 manatdır. Ödəniş gec olduqda qiymətlər yüksəlir.

Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) - 1700 AZN, Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) isə 1800 AZN-dir. Qiymətlərə hər gün üçün nahar yeməyi və şam yeməyi də daxildir.

Bayrama özəl təşkil edilən turlara daha çox ailəvi müraciətlər olunur.

2 nəfərin 2 günlük Yeni il istirahəti və əyləncəsi üçün minimum 500 manat, 4 nəfərlik bir ailəyə isə ən azı 1000 manat pul lazımdır.

Məsələn, 2 gecə 3 günlük İsmayıllı-Qəbələ-Tufandağ-Oğuz-Şəki-Qax turu 165 manatdır, lakin buraya ancaq nəqliyyat, gecələmə və səhər yeməyi daxildir. Eyni şərtlərlə Şamaxı-Qəbələ -Tufandağ turu 2 gecə 3 günlük 149 manatdır.

Zaqatala-Balakən-Qax-Şəki-Qəbələ turu 3 gecə 4 gün üçün 269 manat, Şamaxı-İsmayıllı - Qəbələ turu 2 gecə 3 gün üçün 249 manat, 5* Şəki Qəbələ Tufandag Qala gecəsi daxil turu 1 gecə 2 gün üçün 135 manatdır.

Mingəçevir - Gəncə - Göygöl - Maralgöl turu 5* Ağsaray Deluxe oteldə 2 gecə 3 gün (31 dekabr - 2 yanvar) üçün qiymət 249 manatdır.

Şamaxi Palace Hoteldə 2 gecə 3 gün üçün 1 nəfər turun qiyməti 640 AZN-dir.

Bu yalnız giriş tarifləridir. Yemək, digər gəzinti xərcləri də əlavə olunanda səfər qiyməti "od püskürür".

Azərbaycanda otellərin tələb etdiyi məbləğdə Türkiyədə, Misirdə, Ukraynada superlüks şəraitdə bir həftə dincəlmək olar.

Bizdəki otel qiymətləri isə qarətdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var