İyulun 27-də Nigerdə Prezident Qvardiyasının üzvləri Məhəmməd Bazumun ölkə prezidenti vəzifəsindən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını və komendant saatı tətbiq edildiyini bəyan ediblər. Onlar Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib.
Bu hadisə nə Nigerdə, nə də Afrika qitəsində ilk belə hərbi çevriliş deyildi. Bir neçə müstəqil krallığı çıxmaqla, uzun müddət Avropa imperiyalarının müstəmləkəsi olan Afrikada 1960-cı ildən ("Afrika ili") başlayaraq tədricən müstəqil ölkələr yaranmağa başladı. Bu ölkələrin sərhədləri kolonialist dövlətlərin hərbi-siyasi rəhbərliyi tərəfindən cızılıb və proses zamanı heç bir etnik, tarixi, coğrafi amillər nəzərə alınmayıb. Nəticədə formalaşan zəif dövlətlərdə idarəetmə sistemləri, dövlət aparatı olduqca kövrək halda olub. Bu da Afrika ölkələrinin yarandığı gündən bəri dövlət çevrilişi və hərbi qiyamlarla assosiasiya olunan siyasi tarixini labüd edib.
Modern.az son illərdə Afrika ölkələrində baş verən çevrilişlərə nəzər salıb.
Burkina Faso
2022-ci ilin yanvar ayının sonunda Burkina Fasonun bir neçə hərbi bazasında qiyam edən hərbçilər ölkə prezidenti Roka Mark Kristian Kaboreni həbs ediblər. Polkovnik-leytenant Pol-Henri Damibanın rəhbərliyi altında formalaşan dəstə prezidentin vəzifəsindən kənarlaşdırıldığını, konstitusiyanın ləğv olunduğunu, hökumətin və parlamentin buraxıldığını elan edib. Ölkədə komendant saatı tətbiq edilib. Daha sonra - yanvarın 31-də konstitusiyanın yenilənməsi və Dəmibanın prezident olması elan edildi. Çevriliş kütləvi nümayişlər fonunda baş verib. 2022-ci il sentyabrın 30-da çevrilişlə hakimiyyətə gələn ölkə başçısı başqa bir qiyamla hakimiyyətdən uzaqlaşdırıldı. Hərbçi İbrahim Traore yeni lider elan edildi. Damiba ölkəni tərk etdi. Yeni xunta azı 2024-cü ilin iyuluna qədər hakimiyyətdə qalacağını bəyan edib.
Afrika ölkələrinin müstəqil olduğu tarixlər
Qvineya
5 sentyabr 2021-ci ildə Qvineyada xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı Mamadi Dumbuanın başçılıq etdiyi bir qrup hərbçi prezident Alfa Kondeni vəzifəsindən uzaqlaşdırıb. 1 oktyabr 2021-ci ildə Dumbua dövlət başçısı elan edildi. Qiyamçılar məqsədlərinin 2 illik müvəqqəti hökumət qurmaq olduğunu bildiriblər. Onlar ölkənin düşdüyü ağır siyasi və iqtisadi vəziyyətdən çıxaracaqlarını vəd ediblər.
Mali
Malidə hərbi çevriliş 18 avqust 2020-ci ildə baş verib. Üsyançı hərbçilər silahlı qüvvələrin baş qərargahını ələ keçiriblər. Onlar prezident İbrahim Bubakar Keytanı həbs ediblər və polkovnik Assimi Qoitanın rəhbərlik etdiyi xüsusi komitə yaradıblar. Hakimiyyətin ələ keçirilməsi prezidentin radikal islamçı qruplar tərəfindən artan terror hücumlarının öhdəsindən gələ bilmədiyi üçün istefasını tələb edən kütləvi etirazlar fonunda baş verib. 1 gün sonra Keyta istefa verdiyini açıqlayıb və. 21 sentyabrda keçmiş müdafiə naziri Ba Ndao müvəqqəti prezident kimi ictimaiyyətə elan edilib. 2021-ci ilin mayında isə Qoita yeni dövlət başçısı olub.
Sudan
2019-cu il aprelin 11-də Sudan ordusu 30 ildir hakimiyyətdə olan prezident Ömər əl-Bəşirin vəzifəsindən uzaqlaşdırıldığını və həbs edildiyini elan edib. Çevrilişin səbəbi 2018-ci ilin dekabrında əsas ərzaq və yanacağın qiymətlərinin artması ilə əlaqədar yaranmış siyasi böhran olub. Aksiyalar zamanı nümayişçilər prezidentin və hökumətin istefasını tələb ediblər. Əvvəlcə hərbçilər əl-Bəşir rejimini dəstəklədiyini bəyan etsə də, sonradan etirazçıların tərəfinə keçib. Keçid dövrü üçün ölkə rəhbərliyini yaradılmış kollegial orqan öz üzərinə götürüb. Kollegial orqanın rəhbəri Əbdülfəttah əl-Burhan sudanlılara texnokratlardan ibarət müstəqil hökumət yaratmağı və 2023-cü ildə seçki keçirməyi vəd edib.
Afrikanın regionları və müstəmləkəsi olduğu dövlətlər
Zimbabve
2017-ci il noyabrın 15-də Zimbabvedə hərbçilər 1980-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra 37 ildir hakimiyyətdə olan Robert Muqabeni ev dustağı elan ediblər. Çevriliş Muqabenin varisi roluna iddiaçılarını irəli sürən iki qrup arasında mübarizə əsnasında baş verib. Bir qrup dövlət başçısının həyat yoldaşı Qreys Muqabeni, digər qrup isə birinci vitse-prezident Emmerson Mnanqaqvanı dəstəkləyib. Muqabe Mnanqaqvanı işdən çıxardıqdan sonra hərbçilər müdaxilə edib. Noyabrın 19-da Muqabe partiyanın rəhbərliyindən uzaqlaşdırılıb, noyabrın 21-də isə parlamentə istefa məktubu göndərib. Noyabrın 24-də Emmerson Mnanqaqva ölkənin yeni prezidenti kimi and içib. 1 gün sonra Zimbabvenin Ali Məhkəməsi hərbçilərin hərəkətlərinin qanuni olduğuna qərar verib.
Bunlar Afrikada sadəcə son illərdə baş verən çevrilişlərdən bir neçəsi və ən səs-küylüləri idi. Son 3 ildə qitənin 7 ölkəsində 12 çevriliş faktı baş verib. Aşağıdakı cədvəldə 1960-cı ildən bəri Afrika ölkələrində olan çevriliş və qiyamların tam siyahısı ilə tanış olmaq mümkündür:
Afrikada dövlət çevrilişi və hərbi qiyamlar |
|
---|---|
1960-cı illər |
|
1970-ci illər |
|
1980-ci illər |
|
1990-cı illər |
|
2000-ci illər |
|
2010-cu illər |
|
2020-ci illər |
|
Modern Təhlil və Araşdırma Qrupu