Modern.az

Ermənistan-Azərbaycan sərhədində görüş - Qazaxın kəndləri gündəmdədir

Ermənistan-Azərbaycan sərhədində görüş - Qazaxın kəndləri gündəmdədir

Analitika

28 Noyabr 2023, 10:24

Ermənistan və Azərbaycan rəsmiləri noyabrın 30-da delimitasiya məsələlərini müzakirə etmək üçün iki ölkənin sərhədində görüşəcək. Məlumatı hər iki tərəfin xarici işlər nazirləri təsdiq edib. Delimitasiya məsələləri bundan əvvəl Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında müzakirə olunub.

 

Görüşlər həm Moskvada, həm də sərhəddə keçirilib. Bu dəfəki görüş yeni şəraitdə keçiriləcək. Belə ki, görüş Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra ilk dəfə baş tutacaq.

 

Bir çox ekspert görüşdə Qazaxın Ermənistanın nəzarətində olan 8 kəndi barədə müzakirələr aparılacağını bildirib.

 

Sərhəddə görüş nə vəd edir? Görüşün məhz sərhəddə olmasının əhəmiyyəti necə dəyərləndirlməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev qarşılıqlı müzakirlər üçün ciddi mövzuların olduğunu bildirib:

 

“Sərhəddə delimitasiya və demarkasiya məsələləri müzakirə olunacaq. Azərbaycan tərəfinin təklifi ilə Ermənistan tərəfi də razılaşmışdı ki, sərhədlərin delimitasiyası ilə bağlı sərhəddə müvafiq  görüş keçirilsin. Xarici İşlər Nazirliyinin təşəbbüsü olan görüş sülh müqaviləsinin imazalanması istiqamətində mühüm addımların atılmasına səbəb ola bilər. Azərbaycan tərəfi,artıq öz 5 prinsipini qarşı tərəfə elan edib. Onlar da 3 prinsip məsələsində razılaşırlar. Lakin müəyyən bəyanatlar verir və hansısa  vasitəçilərdən istifadə etmək istəyirlər. Hesab edirəm ki, qarşılıqlı müzakirələr üçün çox ciddi məsələlər var. Bu məsələlərin həlli gələcəkdə sülh müqaviləsinin imzalanması üçün mühüm zəmin yarada bilər”.

A.Nağıyev Ermənistanın xəritələrlə bağlı manipulyasiyalarından da danışıb:

 

“Ermənilər xəritə məsələsində Alma-Ata bəyannaməsinəki problemləri qabartmaq istəyirlər. Ancaq bizim də deyiləcək fikrimiz, sözümüz var. Anklavları, Azərbaycanın tarixi ərazilərini, kommunikasiyaların açılmasını, qarşılıqlı münasibətlərin hamısı nəzərə alınacaq. Xəritə məsələsi ilə iş bitmir. Ona görə də müzakirə üçün çox ciddi zəmin var. Ümumiyyətlə isə görüşün olması müsbət haldır. Çünki bu görüş vasitəçi olmadan həyata keçəcək. Nəhayət, Ermənistan bu addımları atmaqla Azərbaycanın təklifini qəbul edir. Bizim aydın xarici və daxili siyasətimiz var. Bu siyasətdən heç vaxt dönən deyilik. Əsas məsələ Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və təbii ki, vətəndaşlarımızın rifahıdır”.

 

Politoloq Natiq Miri isə Delimitasiya Kommisyasının görüşünün sərhəddə keçirilməsinin Azərbaycanın təklifi və real vəziyyətə tam uyğun olduğunu vurğulayıb:

 

“Ona görə ki, digər platformalarda tərəflər öz geosiyasi maraqlarını güdür, eyni zamanda bitərəflik prinsipini pozurlar. Bu, Avropa Birliyinə, Fransaya, Amerikaya, həm də Rusiyaya aiddir. Müxtəlif geosiyasi oyunlarla rastlaşdığı  üçün Azərbaycan yalnız ikitərəfli qaydada, vasitəçilər olmadan görüşləri təmin etmək istəyir. Bu da normaldır. Münaqişə tərəfləri bəllidir. Əgər tərəflər aralarındakı məsələləri həll etmək, sülh imzalamaq istəyirlərsə, bunun şərtlərini hansısa qloblal güclərin təsiri və təzyiqi ilə qəbul etməli deyillər. Məsələ həmin dövlətlərin və region ölkələrinin maraqları çərçivəsində həll olunmalıdır. Çünki nə Azərbaycan, nə də Ermənistan regiondan getmək niyyətindədir. Əgər Ermənistan Azərbaycanla təkbətək görüşüdən qorxursa, bu, artıq onun problemidir”.

Politoloqun fikrincə, Ermənistanın havadar dövlətlərin iştirakı olmadan danışıqlar aparmağa hazır olmadığı açıq-aşkar hiss olunur:

 

“Bunu Ermənistanın sülh mətnini müzakirə etmək üçün sərhəddə görüş təklifini yox, yalnız sərhədlərin delimitasiyası ilə bağlı işçi qruplarının görüşünə razılıq verməsi sübut edir. Bu, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmadığını göstərir. Əgər,doğrudan da sülhün imzalanmasına hazırdılarsa, heç bir vasitəçinin marağı olmadan ikitərəfli qaydada oturub danışamağa niyə razı deyillər? Ermənistana mane olan nədir? Məlumdur ki, sülh müqavilələri müharibənin nəticələrinə uyğun olur. Savaşın qalibi Azərbaycandır. Deməli, sülh müqaviləsi Azərbaycanın istəyinə uyğun imzalanmalıdır. Ermənistan bunu istəmir. Ona görə də bu istəklərin qarşısını Brüsseldə, Vaşinqonda keçirilən görüşlərlə almağa çalışırlar. Azərbaycanda bu platformalarda danışıqlara hazır deyil. Çünki Azərbaycan bu platformalarda iştirak etsə, təzyiqlərin ardı gələcək. Bu məsələlərdə, xüsusilə də Azərbaycanın haqlı məsələlərində geriyə addım atmaq olmaz. Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi yalnız ikitərəfli qaydada müzakirə və həll edilə bilər. Bu, Ermənistanın subyekt olmasına da gətirib çıxara bilər. Ermənistan isə  subyekt olmaq istəmir. Kənardan verilən  sifraişləri həyata keçirmək və kiminsə ağuşuna sığınmaq məcburiyyətindədir. Vəziyyəti dalana dirəyən də budur. 6 dəfədir ki, sülh müqaviləsi tərəflər arasında  ötürülür. Lakin ortada heç nə yoxdur”.

 

N.Miri noyabrın 30-da keçiriləcək görüşdən bir nəticə əldə olunmayacağını qeyd edib:

 

“ Noyabrın 30-da delimitasiya üzrə işçi qrupunun görüşündə hansısa anlaşmanın olacağını düşünmürəm. Çünki ortada konkret ziddiyətlər var. Bu ziddiyətlərin aradan qalxması üçün Ermənistanın məsələyə səmimi yanaşmasına ehtiyac var. Anklavların geri qaytarılması məsələsi ciddi şəkildə araşdırılmalı və hüquqi faktlar ortaya qoyulmalıdır. Sözügedən ərazilər Azərbaycana aid olduğu halda necə Ermənistanda anklav ola bilər? 1989-cu ildə Qazaxın 8 kəndi otlaq ərazi adı altında Ermənistana bir neçə illiyə icarəyə verilmişdi. Qazax camaatı buna etiraz etmişdilər. Hətta Nazirlər Sovetinin rəsmilərinin maşınlarını aşırıb yandırmağa qədər prosesi apardılar. Düşünürəm ki, bu məsələlər arxivlərdə var. Bu cür hüquqi faktları ortalığa çıxarıb əsaslandırmaqla əraziləri geri qaytarıb anklav məsələsini birdəfəəlik həll etmək olar. Ermənistanın dəyiş-döyüş təklifləri absurddur. Ermənistanın haqqında danışdığı ərazilər Azərbaycanın qədim torpaqlarıdır. Rusiya arxivlərindən xəritələri götürüb bu məsələni sübut etmək mümkündür. Ermənistan buna hazırdırmı? Əlbəttə yox. Sadəcə Ermənistan ikitərəfli görüşdən birbaşa imtina etdə bilmədiyinə görə işçi qrupunun sərhəddə görüşünü təklif etdilər. Bu, növbəti erməni hiyləsidir və nəticəyə hesablanmayıb. Sərhəddə isti çadırların qurulması Azərbaycan üçün problem deyil. Bir çadırda sərhədlərin müəyyənləşməsi üzrə işçi qrupu işləyə, digərində isə sülh mətni ilə bağlı konkret ekspertlər qrupu yaradıla bilər. Onlar burada davamlı işləyə bilər. Yoxsa, 2-3 aydan bir iki cümlə əlavə etməklə prosesi sonsuza qədər davam etdirmək  mümükündür. Bütün bu manipulyasiyaları, fırıldaqları Ermənistanın əlindən almaq lazımdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok