Sənədsiz evlərin sənədləşdirilməsi məsələsi gündəmdədir.
Modern.az xəbər verir ki, bu barədə deputat Kamran Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Sənədsiz evlərin sayı ölkədə, xüsusilə də paytaxtda həddindən artıqdır. Bu məsələ cənab Prezidentin də diqqət mərkəzindədir. Vətəndaşların yaşadıqları evlərin sənədlərini alması vacib məsələdir”, - deyə deputat sənədsiz evlərin sənədləşdirilməsinin əhəmiyyətindən söz açıb.
K.Bayramov vurğulayıb ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. Həmin dəyişikliklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib:
"Bu fəaliyyət davam etdirilməlidir. Hələ də sənədsiz evlər çoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılıb. Təəssüflər olsun ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub. Ümid edirəm ki, proses davam etdiriləcək. Sənədsiz evlərin sənədləşdirilməsi bir çox problemlərin həllinə kömək edə bilər. Bu, daşınmaz əmlak bazarını canlandırar".