Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sabah Azərbaycana gələcək. Səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.Estoniyanın paytaxtı Tallində deyil, Bakıda səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin inkişafı ilə yanaşı, Azərbaycan vətəndaşlarının konsulluq xidmətlərinə çıxışı baxımından da yeni imkanlar yaradır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Zeynalov bildirib ki, Estoniya Statistika İdarəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə 1 975 etnik azərbaycanlı yaşayır.
"Estoniyanın Təhsil və Gənclər Agentliyinin məlumatlarına əsasən 2025/2026-cı tədris ilində Estoniyanın ali təhsil müəssisələrində 198 Azərbaycan vətəndaşı ali təhsil dərəcəsi verən proqramlar üzrə beynəlxalq tələbə kimi təhsil alıb. Həmin tədris ilində bu kateqoriya üzrə 79 yeni qəbul qeydə alınıb. Qeyd edim ki, Azərbaycanın xarici işlər naziri 2025-ci ilin oktyabrında Estoniyada ali təhsil alan 373 Azərbaycan vətəndaşı barədə məlumat vermişdi. Lakin həmin açıqlamada tələbələrin hansı kateqoriyalarının nəzərdə tutulduğu dəqiqləşdirilmədiyindən bu göstəriciləri birbaşa müqayisə etmək düzgün olmaz".
O. Zeynalov Estoniyada yaşayan azərbaycanlıların işlədiyi sahələrlə bağlı da danışıb:
"Əvvəlki materiallarda ticarət azərbaycanlıların əsas fəaliyyət istiqamətlərindən biri kimi göstərilib. Bununla yanaşı, texniki və hüquq sahələrində, eləcə də dövlət vəzifələrində çalışan azərbaycanlılar da var. Bununla belə, açıq rəsmi mənbələrdə icmanın məşğulluq sahələri üzrə aktual statistik bölgü mövcud deyil".
Koordinator Estoniyaya getmək istəyən Azərbaycan vətəndaşlarının üzləşdiyi viza prosedurlarından da danışıb. Onun sözlərinə görə, Estoniyanın Azərbaycanda səfirliyi olmadığı dövrdə uzunmüddətli D vizası almaq istəyənlər sənədlərini təqdim etmək üçün Ankarada və ya Tbilisidə yerləşən Estoniya səfirliklərinə şəxsən müraciət etməli olurdular:
"Bu, müraciət edənlər üçün əlavə vaxt və maliyyə xərcləri yaradırdı. Hər kəsin həmin şəhərlərə səfər etmək imkanı olmurdu. Nəticədə universitetlərə qəbul olunan bəzi tələbələrin viza prosedurlarını vaxtında başa çatdırması və tədrisə gecikmədən başlaması çətinləşə bilərdi. Estoniyanın 2026-cı ildə Bakıda səfirlik açması bu baxımdan əhəmiyyətlidir. Bununla belə, səfirliyin rəsmi məlumatına görə, hazırda Bakıda uzunmüddətli D vizası müraciətlərinə baxılmır. Əgər 2027-ci ildən etibarən bu müraciətlərin qəbulu başlanarsa, Azərbaycan vətəndaşları sənədlərini Bakıdan təqdim etmək imkanı əldə edəcəklər. Bu da Estoniyada təhsil almaq və ya işləmək istəyənlər üçün müraciət prosesini xeyli asanlaşdıra bilər".