Ukraynanın paytaxtı Kiyevin Desnyanski rayonunda yaşayış binasının yaxınlığına düşən ballistik raket azərbaycanlı ailənin mənzilinə də ziyan vurub. Hadisə zamanı evdə olan İsmixan Beydullayevin həyatına təhlükə yaranmayıb.
Modern.az hadisə ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında o bildirib ki, İsmixan Beydullayev kirayəyə köçürülüb:
"Beydullayevlərin yaşadığı binaya raket düşməyib, yaxınlığına düşüb. Raketin zərbə dalğasından binadakı mənzillərə də ziyan dəyib. Xoşbəxtlikdən, hadisə zamanı insan itkisi olmayıb. Belə hallar baş verəndə Kiyevdə yerli hakimiyyət orqanları evlərə baxış keçirir, dəymiş ziyanı siyahıya alır və insanların müvəqqəti köçürülməsi üçün maddi dəstək göstərirlər. Bu dəstək evə dəymiş ziyan aradan qaldırılanadək hər ay davam edir. Yəni insanlar kirayə evlərə köçürlər”, - deyə o bildirib.
Qalib Osmanlının sözlərinə görə, Kiyevdə və vilayət ərazisində minlərlə azərbaycanlı ailə yaşayır. Buna görə də bütün zərərçəkən ailələrin mənzillərinə dəymiş ziyanın diaspor tərəfindən qarşılanması real görünmür.
“Bunun üçün dövlət proqramı var və bu kimi məsələlər həmin proqram çərçivəsində həllini tapır. Fərdi qaydada dəstək göstərənlər də olur. Bu isə ailənin imkanlarından asılıdır. Kiyevdə və Ukraynanın digər şəhərlərində həlak olan soydaşlarımızın Vətənə göndərilməsi və dəfn edilməsi üçün fərdi təşəbbüslər geniş yayılıb. Ətrafdakı insanlar mərhumun nəşinin göndərilməsi xərclərini qarşılayırlar. Evi dağılan, obyektinə ziyan dəyən, avtomobili yanan və bu kimi hallarla üzləşən insanların dövlət dəstəyinə ehtiyacı olur. Bu proses də mərhələli şəkildə həllini tapır”, - deyə diaspor rəsmisi əlavə edib.