Modern.az

Ukraynadakı azərbaycanlılarla bağlı yeni rəqəmlər açıqlandı

Ukraynadakı azərbaycanlılarla bağlı yeni rəqəmlər açıqlandı

Diaspor

Bu gün, 11:31

Rusiyanın Ukraynaya hücumlarının intensivləşməsi Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində mülki əhali üçün təhlükəni artırıb. Son hücumlar nəticəsində dinc sakinlər arasında ölənlərin olduğu, yaşayış binalarına və infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, cari ilin avqust ayının sonlarından etibarən Rusiyanın Ukraynaya hücumları şiddətlənib.

Onun sözlərinə görə, paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri intensiv hücumlara məruz qalır:

“Belə demək mümkünsə, gözlə görünən hər şey və hər yer vurulur. Nəticədə dinc insanlar həlak olur, binalar dağılır və infrastruktura ciddi ziyan dəyir. Son bir həftədə Rusiyanın hücumları nəticəsində 100-dən çox ukraynalı dinc sakin həlak olub. Təkcə son 15 gündə isə 6 dinc soydaşımız bu hücumlar nəticəsində həyatını itirib. Əsasən Kiyev şəhəri intensiv hücumlara məruz qalır. Paytaxt siyasi mərkəz olduğundan daha çox hədəfə çevrilir. Hazırda Kiyevin səmasında tüstü və duman var. Çünki bu gecə paytaxtda mülki insanların yaşadığı binalar Rusiyanın raket və dron zərbələrinə məruz qalıb. Təsəvvür edin ki, yaşayış binaları ballistik raketlərlə vurulur”.

Qalib Osmanlı qeyd edib ki, Kiyevdən əhalinin kütləvi şəkildə köçməsi müşahidə olunmasa da, imkanı olan bəzi sakinlər şəhəri tərk edərək ölkənin qərbindəki daha təhlükəsiz ərazilərə müvəqqəti köçürlər.

Diaspor rəsmisinin sözlərinə görə, Kiyevdə yaşayan azərbaycanlıların əksəriyyəti isə şəhərdə qalaraq gündəlik həyatlarını davam etdirir.

“Ağırdır, çətindir, amma bu şəraitə öyrəşmişik”, – deyə o bildirib.

Qalib Osmanlı Ukrayna ordusunun sıralarında döyüşən azərbaycanlıların sayı barədə də danışıb. O bildirib ki, Ukrayna ordusunda döyüşən soydaşlarımızın sayı minlərlədir. Onların əksəriyyəti Ukrayna vətəndaşları və ya ölkədə yaşayış icazəsi olan şəxslərdir.

“Ukraynada yaşayan digər xalqlar kimi, soydaşlarımız da bu ağır şəraitdə ölkəyə dəstək olmaq, yaşadıqları dövlətin müdafiəsində iştirak etmək üçün silaha sarılaraq Rusiya imperializminə qarşı döyüşürlər. 2022-ci il fevralın 24-də başlayan genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi dövründə 150-yə yaxın soydaşımız Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olub. Həlak olan soydaşlarımızın əksəriyyəti Ukrayna vətəndaşlarıdır. Onların arasında Ukrayna Qəhrəmanı adına layiq görülən, “İgidliyə görə” və digər orden və medallarla təltif olunanlar da var. Bu, bir daha göstərir ki, Ukraynada yaşayan azərbaycanlılar ölkənin ağır və şərəfli günlərində Ukrayna xalqı ilə birlikdədirlər”, – deyə o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!