Gürcüstanın Marneuli bələdiyyəsinin Kirovka sakinləri kəndin tarixi adının (Mameyi) bərpa olunmasını tələb edirlər.
Modern.az xəbər verir ki, bu gün kənd sakinlərinin iştirakı ilə ümumi yığıncaq keçirilib.
Kəndin mərkəzində toplaşan yerli sakinlər "Kirvoka" adının "Mameyi" ilə əvəz edilməsinin tərəfdarı olduqlarını söyləyiblər.
Onlar Marneuli Bələdiyyə Məclisi tərəfindən "Mtsvane Qora" (Yaşıl Təpə) və ya "Meqobroba" (Dostluq) adlarını qəbul etmədiklərini deyiblər.
Qeyd edək ki, 14 noyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında məlum olub ki, Kirovka kəndinə "Mameyi" adı verilməyəcək.
Marneuli Meriyasının Məlumat və Statistika şöbəsinin rəhbəri İrina Macaraşvili deyib: "Biz tarixi materialları araşdırdıq, kənd əhalisi tərəfindən təqdim olunmuş Mamey adı heç yerdə qeydə alınmır. Mamey toponimi nə 19-cu, nə də 20-ci əsrdə qeydə alınıb".
Bu gün Kirovkada keçirilən yığıncaqda kənd əhalisi "Mameyi" adının verilməsini qətiyyətlə tələb etdiklərini vurğulayıblar.
Yeri gəlmişkən bildirək ki, müvafiq məsələdə Kirovka sakinlərinin hüquqlarını "Salam" platforması qoruyur. Həmin platformadan bildirilib ki, bugünkü əhali etirazının protokolu hazırlanıb yerli və mərkəzi hökumətə təqdim ediləcək.