Modern.az

İran Azərbaycan qarşısında geri addım atdı - SƏBƏB

İran Azərbaycan qarşısında geri addım atdı - SƏBƏB

Aktual

21 Noyabr 2022, 12:44

“İranın Azərbaycanla gərginliyi aradan qaldırmaq üçün ilk addımı atması müsbət haldır”.

 

Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Azərbaycan-İran əlaqələri haqqında bəyanatına münasibət bildirərkən deyib.

 

“İki ölkə arasındakı gərginliyin səbəbləri çox süni idi. Bu baxımdan İran tərəfinin son addımları olduqca müsbətdir. Azərbaycan dəfələrlə, iki ölkə arasındakı gərginliyin heç kəsə sərf etmədiyini bildirirdi. İndi İran tərəfinin atdığı son müsbət addımlar iki ölkə arasındakı normal münasibətləri davam etdirmək üçün ciddi əsas yaradır”, - deyə sabiq XİN başçısı vurğulayıb.

 

Onun fikrincə, İran hökuməti anlayıb ki, gərginlik və düşmənçilik hər iki tərəfə də sərf etmir:

 

“İran siyasi elitası daxilində Azərbaycana dost olan dairələr olduğu kimi, daim Azərbaycana qarşı düşmən mövqe tutan qüvvələr də var. Bəzən elə vəziyyət yaranır ki, düşmənçilik əhval-ruhiyyəsində olan dairələr önə çıxır. Bu dairələr Azərbaycana qarşı sərt açıqlamalar verib, siyasi addımlar atır. Bu isə o qədər uzun çəkmir. Çünki İranın siyasi elitası daxilində hər kəs başa düşür ki, Azərbaycanla düşmənçilik İran üçün heç də sərfəli deyil. Hesab edirəm ki, böhranlı vəziyyətdən çıxıb normal əlaqələrə qayıtmaq müsbət haldır. Biz İranın iqtisadi maraqlarına nəzər salsaq, onlar üçün Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gətirilməsinin nə qədər vacib olduğunu görə bilərik. Digər yandan, Zəngəzur dəhlizi də İran iqtisadiyyatı üçün lazımlıdır. İran-Rusiya təmasları da bu marağın mövcudluğunu təsdiq edir. Burada təbii proseslər gedir. Azərbaycan və İranın iqtisadi sahədə əlaqələrinin çox böyük potensialı var. Burada əsas rolu məhz tranzit, kommunikasiya əməkdaşlığı oynayır".

 

T.Zülfüqarov, həmçinin vurğulayıb ki, iki ölkə arasında gərginliyin əsas səbəbi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın qüvvələrdir.

 

“Biz irandakı vəziyyəti təhlil edərkən görürük ki, nümayişlər dalğası İranın siyasi elitası daxilində olan gərginliklə bağlıdır. İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra İranın ixracı hökumətdən alınıb, SEPAH-a verilib. Nəticədə, qeyri-qanuni ixrac SEPAH üçün böyük maliyyə mənbələri yaradıb. Yəni İran hökumətin büdcəsinə bərabər büdcə formalaşıb. Biz indiki hadisələri təhlil edərkən məhz bunu da nəzərə almalıyıq. Unutmamalıyıq ki, SEPAH-a yaxın dairələr daim Azərbaycana qarşı düşmən mövqedə dayanıb. İndi hiss olunur ki, oyunlara son qoymaq üçün İran hökuməti məsələyə müdaxilə edir. Onlar böhranın aradan qaldırılmasına çalışır”, - deyə keçmiş nazir İranla əlaqələrin bərpasına tərəfdar olduğunu söyləyib.

 

 

Qeyd edək ki, ötən gün İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı bəyanatla çıxıb edib. O bildirib ki, İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur.

 

“Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq”, - Xameneinin müşaviri deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?