Modern.az

Ekspertdən Bakı metrosuna TƏNQİD - "31 ilə cəmi 8 stansiya"

Ekspertdən Bakı metrosuna TƏNQİD -

Aktual

21 Noyabr 2022, 14:04

Günümüzün 1-2 saatını tıxaclarda keçirirk. Tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verilir. Onlardan biri də Bakı metropoliteninin stansiyalarının sayının artırılmasıdır.

 

Modern.az-ın xəbərinə görə, bu barədə fikir bildirən iqtisadçı Samir Əliyev deyib ki, metrostansiyaların tikilmə sürəti çox gecikir:

 

“Bakıda metro nəqliyyat vasitəsi qismində ilk dəfə 1967-ci ildə istifadəyə verilib və bu il 55 ili tamam olub. 55 ildə cəmi-cümlətanı 26 metrostansiya istifadəyə verilib. Yəni, 2 ildə cəmisi 1 stansiya işə düşüb.

 

Məlumat üçün qeyd edim ki, Bakıda metropolitenin tikintisinə 1949-cu ildə başlanıb və 1967-ci il noyabrın 6-da 5 stansiya - "Bakı Soveti", "Sahil", “28 Aprel", "Gənclik" və "Nəriman Nərimanov" istifadəyə verilib. 1989-cu ildə isə “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla ümumi stansiyaların sayı 18-ə çatdırılıb”.

 

Ekspert xatırladıb ki, bu, məhz Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdür:

 

“Bu o dövrdür ki, pulumuzun böyük hissəsi “İttifaq ehtiyacları” üçün əlimizdən alınırdı və bizə cüzi hissəsi saxlanılırdı. Həmin cüzi pulla 43 ildə 18 metrostansiya tikilib. Yəni hər 5 ildə 2 stansiya. Nəzərə alaq ki, başlanğıc işləri üçün zaman daha çox tələb olunur. Üstəgəl bu işlər həmin dövrün texnikası ilə görülüb.

 

Bəs müstəqillik dövründə - qazandığımız pulların hamısının bizə qaldığı, milyardlarda büdcəyə malik olduğumuz və müasir texnikaların olduğu bir dövrdə nə qədər stansiya istifadəyə vermişik?

 

Cavab utandırıcıdır: 31 ildə cəmisi 8 stansiya. Onun da 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni hər 4 ildə 1 stansiya.

 

Sovet dövründə tikilən metropoliten xətlərinin uzunluğu 25,8 km olduğu halda, müstəqillik dövründə bu göstərici 13 km olub. Hazırda xətlərin uzunluğu 38,8 km-dir. Bakı metropoliteni Dövlət Proqramı çərçivəsində yollarının ümumi uzunluğunu 119,1 km-ə, stansiyaların sayını isə 76-ya çatdırmağı planlaşdırır. Yəni 73 ilə tikdiyi 38,8 km-lik yolun uzunluğunu və 26 stansiyanın sayını 3 dəfə artırmalıdır. Bu işlər hansı müddətə görülə biləcəyini isə Sizin öhdənizə buraxıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?