“Siyasi partiyalar haqqında” qanun layihəsinin məqsədi siyasi partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaratmaqdır.
Moden.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeni qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Z.Oruc bildirib ki, “Siyasi partiyalar haqqında” qanunla yanaşı, dövlət daha stimullaşdırıcı yol seçib.
“Seçkilərdə iştirak edən və etibarlı səs qazanan partiyalar üçün 3%-lik kvota ləğv olunur. Dövlət vətəndaşı seçkiyə çağırır. Maliyyə mexanizmi partiyaların siyasiləşməsində rol oynayır. Bu, kiçik partiyalara qoyulan investisiyadır.
Hazırda Azərbaycanda güclü partiyalar formalaşmaqdadır, Azərbaycan xalqının öz həyatını yaxşı mənada partiyalarda görməsidir. 1990-cı illərdə bizdə məğlub siyasi sistem var idi. Ona görə də mən o qanundan xilas olmağı mütərəqqi addım kimi görürəm”, - deyə Z.Oruc əlavə edib.
Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı brifinq keçirilib.