“Qadınları aktiv siyasi proseslərə, idarəetmə sistemlərinə məcbur etmək qüsurlara səbəb ola bilər”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Modern.az-ın əməkdaşının sözügedən qanuna qadınlara dair kvotanın tətbiq olunmamasına dair sualını cavablandırarkən bildirib.
“Biz onsuz da hüquqi, siyasi baxımdan Avropanın ayrılmaz parçasıyıq. Coğrafi baxımdan şərq olsaq da, siyasi düşüncə baxımından Avropa düşüncəsindəyik. Qadınlarımızın gələcəkdə ölkə həyatında iştirakında hər hansı bir problem yoxdur. O səbəbdən siyasi partiyalarda bunu yanlış saydıq”, - deyə komitə sədri vurğulayıb.
Z.Oruc, həmçinin qeyd edib ki, siyasi partiyalarda qadınların təmsil olunması könüllü olmalıdır. Onun sözlərinə görə, bunu süni kvotalarla yaratmaq düzgün olmaz.
"Müxtəlif ölkələrdə qadınlara aktiv siyasi proseslərə, idarəetmə sisteminə cəlb etmək üçün kvotalar qoyulub. Amma bunu siyasi partiyalara güclə tətbiq etməkdə müəyyən qüsurların ola biləcəyini əvvəldən deyə bilərik. Bunlar təşviq mexanizmlərilə, daha başqa addımlarla həyata keçirilməlidir", - deyə komitə sədri əlavə edib.