Modern.az

"Bu boyda vəsait heçə çevrildi" - Keşlədən ŞİKAYƏT VAR

"Bu boyda vəsait heçə çevrildi" - Keşlədən ŞİKAYƏT VAR

Aktual

Bu gün, 10:22

Redaksiyamıza paytaxtın Nizami rayonu ərazisində mənzilləri yararsız hala düşən sakinlərdən növbəti şikayət daxil olub.

Vətəndaşın müraciəti əsasında apardığımız araşdırma zamanı məlum olub ki, əvvəllər qaraj olan, sonradan isə özəl şirkətə ("Aquamed" dərman firması) icarəyə verilən obyektin fəaliyyəti və baxımsızlığı ucbatından ətrafdakı 7-yə yaxın yaşayış evinə ciddi ziyan dəyib.

69 yaşlı şikayətçi və mənzil sahibinin sözlərinə görə, qarajın su xətlərində yaranan nasazlıq və kanalizasiya sisteminin olmaması səbəbindən mənzilləri dəfələrlə su basıb. Nəticədə mənzillərin dam örtüyü çöküb, tavanı qırılıb, divarlar və laminat döşəmələr su ilə dolaraq tamamilə yararsız vəziyyətə düşüb:


"Bura mənim ata evimdir, 1948-ci ildən bəri buradayıq. Evi yeni təmir eləmişdik, içəri su doldu. Hələ bu azmış kimi, qarajda baş verən yanğın zamanı evlərin damı da yararsız hala düşdü. Evin içi tüstü ilə dolmuşdu. Evimizdə 10 günlük körpə uşaq da var, uşaq boğulmasın deyə təcili çölə qaçırtdıq, günlərlə qonşularda qaldıq. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da gəlib baxış keçirdi, evimizin zərər gördüyünü təsdiqlədilər. Mən bu evin təmirini ordan-burdan borc, kredit alaraq ödəmişəm. Ümumilikdə 62 min manat pul xərcləmişəm. İndi laminatın altı su ilə doludur, ayağın altında oynayır. Bu boyda vəsait bir səhlənkarın ucbatından heçə çevrildi".


Vətəndaş bildirir ki, hadisədən dərhal sonra qarajın müdiri və oğlu onlara gələrək bu barədə heç bir yerə məlumat verməmələrini xahiş ediblər, dəymiş ziyanı tamamilə ödəyəcəklərinə söz versələr də, sonradan vədlərindən qaçıblar:


"Gəldilər, baxdılar, dedilər ki, nə lazımdırsa eləyəcəyik, rahat olun. İndi isə gətirib qapıya cəmi 5-6 dənə dəmir töküblər, amma damın taxtasını vermirlər. Deyir ki, mən evin digər xərclərini ödəmirəm, ancaq damın üstünə dəmir vururam. Mən kasıb adamam, pulum yoxdu, çatdıra bilmirəm. Pulu olan gəlib kasıbın çəkdiyi bu zülmün üstündən keçmək istəyir".


Şikayətçinin ən çox narazı qaldığı məqamlardan biri də ərazidəki aidiyyəti Mənzil Kommunal və Texniki Xidmət Sahəsinin (JEK) ikili standartlarla işləməsidir. Sakinlər rəsmi sığortaya və ya digər instansiyalara vaxtında müraciət etmədikləri üçün qarşı tərəfin şifahi vədinə inanmalı olublar, qurumlar isə məsələyə göz yumub:


"Həmin qarajın müdirinin evinin üstündən su axanda JEK-in işçiləri qaça-qaça gəlmişdilər. Müdirə deyirdilər ki, bəs sənin mənzilinin suyudur, camaatın evinə tökülür. O vaxt qaça-qaça gələn JEK, indi bizim evləri su basanda, millət suyun içində boğulanda niyə ortada yoxdur? Niyə səslərini çıxarmırlar? JEK-ə zəng edirik, telefonu açmırlar".


Modern.az olaraq şikayətdə adı keçən aidiyyəti JEK nümayəndələri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV