Modern.az

Azərbaycan strateji logistik dəhlizlərin mərkəzində dayanır

Azərbaycan strateji logistik dəhlizlərin mərkəzində dayanır

Aktual

Bu gün, 11:50

Orta güc statusu əhalisinə və ərazisinə nisbətdə qlobal siyasətdə daha böyük rol oynayan, qlobal diplomatiyaya ciddi töhfələr verən ölkələrə aid edilir. Azərbaycan məhz belə dövlətlər kateqoriyasındandır. 


Modern.az xəbər verir ki, bu fikirləri “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

Deputat rəsmi Bakının xarici siyasət uğurlarını və ölkəmizin orta güc statusunu şərtləndirən əsas istiqamətləri belə qruplaşdırıb:
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi mühüm qlobal töhfələr verib. Ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədriyi dövründə parlament və gənclər şəbəkələri kimi yeni instansiyalar yaradılıb, üzv dövlətlərin istəyi ilə sədrlik müddəti daha bir il uzadılıb. COP29-a ev sahibliyi isə Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur.
Ölkəmiz həm GUAM və Türk Dövlətləri Təşkilatı (TDT) kimi regional platformaların qurucusudur, həm də İƏT çərçivəsində aktivdir. Bundan əlavə, üçtərəfli, məsələn, Türkiyə-Azərbaycan-Pakistan formatlar vasitəsilə regionun təhlükəsizlik arxitekturasında önəmli funksiya daşıyır”. 

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh gündəliyinin müəllifi olan Azərbaycan, regiondan kənarda da uğurlu mediator rolunu oynayır. Bakı vaxtilə Rusiya-NATO hərbi rəhbərliyinin, eləcə də regional gərginliklər zamanı müvafiq tərəflərin görüş məkanı olub. Bununla yanaşı, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda hərbçilərimiz aktiv iştirak edib. Dövlətimiz qlobal sabitliyə və ekstremizmlə mübarizəyə dəstək məqsədilə 40-dan çox ölkəyə humanitar və inkişaf yardımları göstərir: 

“Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji logistik dəhlizlərin mərkəzində dayanır. Regional münaqişələr səbəbindən hava və quru yollarının qapandığı dövrdə ölkəmiz qlobal miqyasda yeganə etibarlı tranzit xəttinə çevrilib. Ənənəvi olaraq Avropanın enerji təhlükəsizliyini təmin edən Bakı, artıq Serbiya kimi ölkələrə qaz ixrac edir, Asiya bazarlarında aktivləşir və Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!