Modern.az

Almaniyadakı iqtisadi böhran Azərbaycana təsir etməyəcək - DEPUTAT 

Almaniyadakı iqtisadi böhran Azərbaycana təsir etməyəcək - DEPUTAT 

Aktual

Bu gün, 18:06

Almaniyada iqtisadi göstəricilərdə müşahidə olunan dəyişikliklər və bəzi şirkətlərin fəaliyyətində yaranan çətinliklər Avropa iqtisadiyyatı ilə yanaşı, Azərbaycana mümkün təsirləri baxımından da müzakirə edilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, 2026-cı ildə qlobal iqtisadiyyatda gözlənilməz hadisələr baş versə də, genişmiqyaslı iqtisadi böhran və ya resessiya müşahidə olunmur.

“2026-cı ildə Azərbaycan iqtisadiyyatının artım tempini qoruyub saxlayacağı gözlənilir. Doğrudur, bu il qlobal iqtisadiyyatda əvvəlcədən proqnozlaşdırılmayan dəyişikliklər baş verdi. İranla bağlı münaqişə strateji məhsulların qiymətlərinə təsir göstərdi və qlobal iqtisadi artımla bağlı gözləntiləri müəyyən qədər zəiflətdi. Bir sıra inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında da volatillik müşahidə olundu”.

Deputat qeyd edib ki, ayrı-ayrı ölkələrdə iqtisadi göstəricilərin pisləşməsi qlobal iqtisadi böhran anlamına gəlmir.

“Bu, heç də Almaniya da daxil olmaqla bəzi ölkələrin iqtisadiyyatlarında ciddi və uzunmüddətli böhran olduğu anlamına gəlmir. Müəyyən dövrlərdə iqtisadi göstəricilərdə dəyişikliklər baş verə bilər. Amma hazırda qlobal iqtisadiyyatda resessiya meylləri müşahidə edilmir. Avropa İttifaqında da 2026-cı ildə iqtisadi artımın davam edəcəyi gözlənilir. Artım tempi əvvəlki proqnozlardan aşağı ola bilər, lakin iqtisadiyyatın böyüməsi davam edəcək”.

Vüqar Bayramovun sözlərinə görə, Almaniyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsiri gözlənilmir.

“Bəzi ölkələrdə iqtisadi göstəricilərin dəyişməsi və ya ayrı-ayrı şirkətlərin çətinliklə üzləşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Dövlət xarici mənfi amillərin ölkə iqtisadiyyatına təsirlərini minimuma endirmək üçün ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə istehlak bazarının qorunması istiqamətində addımlar atılır”.

Deputat hesab edir ki, Almaniyada müşahidə olunan iqtisadi dəyişikliklər nə Avropa İttifaqının ümumi iqtisadi göstəricilərinə ciddi təsir göstərəcək, nə də Azərbaycanın iqtisadi artım tempini zəiflədəcək.

“Azərbaycan iqtisadiyyatı bu il də artım tempini qorumağa çalışacaq və mövcud iqtisadi siyasət bunun üçün kifayət qədər imkan yaradır”, – deyə Vüqar Bayramov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada