Modern.az

Dəhşətli istilər hələ qabaqdadır - ekoloqdan açıqlama 

Dəhşətli istilər hələ qabaqdadır - ekoloqdan açıqlama 

Aktual

Bu gün, 10:37

Son vaxtlar ölkə ərazisində qeyri-sabit və anomal hava şəraiti, kəskin temperatur dəyişiklikləri və güclü küləklər müşahidə olunur. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən ekoloq Sevil Yüzbaşova bildirib ki, builki yay fəslinin qeyri-adi keçməsinin kökündə qlobal iqlim dəyişikliyi və atmosfer sirkulyasiyasının pozulması dayanır.

Ekoloq rəsmi hidrometeoroloji müşahidələrə əsaslanaraq yay mövsümünün əvvəlində qeydə alınan artım statistikasını açıqlayıb:

Əvvəlki illərin çoxillik iqlim norması ilə müqayisədə küləkli günlərin sayı 30-35% artıb. Bu da ay ərzində ortalama 4–6 gün daha çox küləkli havanın, xüsusilə Abşeronda güclü şimal-qərb küləklərinin əsməsi deməkdir.

Yağıntılı günlərin sayı isə normadan təxminən 25-40% çox olub. Bu artım özünü bölgələrdə lokal xarakterli intensiv leysanlar, dolu və dağıdıcı sel hadisələri ilə biruzə verib".

S.Yüzbaşovanın sözlərinə görə, anomal proseslərə həm qlobal, həm də regional amillər təsir edir. Dünyada iqlimin formalaşmasında Sakit okeandakı "El-Nino" və "La-Nina" fenomenləri mühüm rol oynayır:

"Sakit okean hövzəsindən coğrafi cəhətdən uzaq olduğumuz üçün "La-Nina" fenomeninin Azərbaycana birbaşa təsiri yoxdur. Lakin bu proses qlobal hava sirkulyasiyasını dəyişdirdiyi üçün dolayı yolla planetin ümumi temperatur balansını pozur. Regionumuza şimal və qərbdən qəfil daxil olan soyuq hava cəbhələri kəskin temperatur enmələrinə və leysanlara səbəb olur".

Ekoloq vurğulayıb ki, qlobal istiləşmə klassik fəsil xarakterlərini alt-üst edib və fəsillərarası keçidləri kəskinləşdirib. Hazırda Avropada dəhşətli istilərin hökm sürdüyünü xatırladan mütəxəssis, yay üçün proqnozlarını da paylaşıb:

"Qeyri-sabit atmosfer prosesləri yayın ilk yarısında özünü qabarıq göstərsə də, beynəlxalq iqlim modelləri iyul və avqust aylarında tropik hava axınlarının yenidən güclənəcəyini göstərir. Alimlərin təxminlərinə görə, iyul-sentyabr ayları arasında dünya miqyasında yeni tarixi temperatur rekordları qeydə alına bilər. Bizdə də əsl isti günlər iyul və avqust aylarında kəskin isti dalğaları ilə özünü göstərəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada