İranda sabiq ali dini lider Əli Xameneinin dəfn mərasiminə hazırlıq işləri son mərhələyə çatıb.
Modern.az xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, vida mərasimləri ölkənin müxtəlif şəhərlərində bir neçə gün davam edəcək.
Bildirilib ki, iyulun 5 və 6-da Tehrandakı İmam Xomeyni adına ibadət kompleksində kütləvi vida mərasimləri keçiriləcək. İyulun 7-də isə paytaxtda İmam Hüseyn meydanından Azadlıq meydanına qədər nəhəng dəfn yürüşü təşkil olunacaq. İran hakimiyyəti həmin yürüşə 15-20 milyon nəfərin qatılacağını proqnozlaşdırır.
Daha sonra mərasim şiələr üçün müqəddəs sayılan Qum şəhərində davam edəcək. İyulun 8-də cənazə İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq. İyulun 9-da isə Əli Xamenei doğulduğu Məşhəd şəhərindəki İmam Rza ziyarətgahında dəfn olunacaq.
Məlumata görə, mərasimlərdə iştirak etmək üçün 14 min jurnalist, fotoqraf və kontent istehsalçısı akkreditasiyadan keçib. Onlardan 900-dən çoxu xarici media nümayəndəsidir. Həmçinin 40-dan çox ölkədən rəsmi nümayəndə heyətlərinin və xarici liderlərin dəfn mərasimlərinə qatılacağı bildirilir.
Dəfn mərasimləri "İranın şəhidi" şüarı altında keçiriləcək. Tədbirlərin əsas şüarı isə "Biz qisas alacağıq" olacaq. Rəmz kimi sıxılmış yumruq seçilib.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Əli Xameneinin dəfn mərasimi milli birliyin və həmrəyliyin simvoluna çevrilməlidir. Onun sözlərinə görə, Xamenei İslam dünyası və qlobal şiə icması üçün təsirli şəxsiyyət olub.
İranın fövqəladə xidmətləri də mərasimlər zamanı tam hazırlıq vəziyyətinə gətirilib. Tehran Təcili Tibbi Yardım Xidməti isti hava şəraiti ilə əlaqədar əlavə tədbirlər görüb və hadisələrə operativ müdaxilə üçün 7 helikopter ayrıldığını açıqlayıb. İran ordusu isə dəfn mərasimlərinin "terrorizm və ABŞ-İsrail siyasətinə qarşı qlobal etirazın nümayişi" olacağını bəyan edib.



