Qlobal miqyasda hər il 4 milyona yaxın insan tibbi xətalar və təhlükəsiz olmayan tibbi xidmət nəticəsində həyatını itirir.
Modern.az xəbər verir ki, bunu “Yeni Klinika”da Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində klinikanın direktoru Zəhra Vəzirova deyib.
Onun sözlərinə görə, həmin ölümlərin qarşısını almaq üçün Simulyasiya və Təlim Mərkəzi yaradılıb. Təlim iştirakçıları əvvəlcə simulyasiya otağında klinik vəziyyətlə tanış olur və tapşırığı yerinə yetirirlər. Daha sonra digər otaqda buraxdıqları səhvləri təhlil edir, növbəti mərhələdə isə yenidən həmin ssenarini icra edərək səhvlərini aradan qaldırmağa çalışırlar:
“Bizim əsas məqsədimiz qeyri-texniki bacarıqları inkişaf etdirməkdir. Bunlara liderlik, komanda işi, kommunikasiya və digər oxşar bacarıqlar daxildir. Əslində, baş verən problemlərin və şikayətlərin böyük əksəriyyətinin kökündə məhz kommunikasiya çatışmazlığı dayanır.
Bu bacarıqların inkişafı üçün təlimlər artıq manekenlər üzərində deyil, xüsusi hazırlanmış komandaların iştirakı ilə keçirilir. Onlara “standartlaşdırılmış pasiyentlər” deyilir və onlar real xəstə rolunu canlandırırlar. Beləliklə, həkimlər fərdi və ya komanda şəklində real klinik vəziyyətə uyğun ssenarilər üzərində işləyirlər. Təlimlər zamanı pasiyentə və ya onun yaxınlarına pis xəbərin necə çatdırılması, aqressiv pasiyentlə ünsiyyət, xəstə yaxınlarına məlumatın düzgün ötürülməsi kimi situasiyalar praktik şəkildə məşq olunur.
Burada tənəffüs yollarının idarə olunması, regional anesteziya, müxtəlif klinik hallar, kommunikativ bacarıqlar və komanda işi öyrədilir.
Hazırda mərkəzdə 4 təlim otağı fəaliyyət göstərir. Gələcəkdə onların sayının artırılması planlaşdırılır. Bizim məqsədimiz tibbdə təhlükəsizlik mədəniyyətini formalaşdırmaqdır”.