TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris - Simulyasiya Mərkəzi istifadəyə verilib.
Modern.az xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin, eləcə də tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsidir. Müasir beynəlxalq standartlara cavab verən çoxfunksiyalı bu Mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Mərkəz beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları və real klinik şəraiti əks etdirən müasir tədris vasitələri ilə təchiz olunub.