Modern.az

Birgə Bəyannamənin ilk nəticələri iqtisadi sahədə görünəcək - İşçi qrupunun sədri

Birgə Bəyannamənin ilk nəticələri iqtisadi sahədə görünəcək - İşçi qrupunun sədri

Aktual

Bu gün, 14:10

Azərbaycan ilə Almaniya arasında imzalanan Birgə Bəyannamənin ən mühüm praktik nəticələri iqtisadiyyat, investisiya, enerji və sənaye əməkdaşlığı sahələrində özünü göstərəcək.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan–Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanmış Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.

"Bu sənədin ən böyük praktik nəticələri ilk növbədə iqtisadiyyat, investisiya, enerji və sənaye əməkdaşlığı sahələrində özünü göstərəcək", – deyə o vurğulayıb.

Nurlan Həsənovun sözlərinə görə, Almaniya Avropanın ən güclü iqtisadiyyatlarından biri, Azərbaycan isə əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları və inkişaf edən nəqliyyat-logistika infrastrukturu ilə regionun mühüm iqtisadi mərkəzidir.

"Bu üstünlüklərin birləşdirilməsi qarşılıqlı investisiyaların artmasına, yeni sənaye layihələrinin həyata keçirilməsinə və biznes əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq", – deputat qeyd edib.

O bildirib ki, enerji sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur:

"Ənənəvi enerji ilə yanaşı, yaşıl enerji, enerji səmərəliliyi və innovativ texnologiyalar istiqamətində əməkdaşlığın genişlənməsi həm Azərbaycanın, həm də Almaniyanın uzunmüddətli strateji maraqlarına cavab verir".

Deputatın fikrincə, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar, sənaye istehsalı, logistika və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın dərinləşdirilməsi yeni investisiya imkanları yaradacaq.

"İlk konkret addımlar biznes forumlarının təşkili, sahibkarlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni investisiya layihələrinin hazırlanması və hökumətlərarası iqtisadi komissiyaların fəaliyyətinin daha da intensivləşdirilməsi olacaq", – deyə o əlavə edib.

N.Həsənov parlament diplomatiyasının da bu prosesdə mühüm rol oynayacağını bildirib.

"Qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın hüquqi bazasının daha da təkmilləşdirilməsi və biznes üçün əlverişli mühitin təşviqi ölkələrimiz arasında strateji tərəfdaşlığın uzunmüddətli inkişafına mühüm töhfə verəcək", – deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi