Modern.az

Yayda antibiotik istifadə edənlərə - həkimdən XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə - həkimdən XƏBƏRDARLIQ

Aktual

Bu gün, 16:15

Yay mövsümündə müxtəlif infeksion xəstəliklər zamanı antibiotiklərdən istifadə ilə bağlı müzakirələr zaman-zaman mübahisə doğuran məsələlərdən biri kimi diqqət çəkir. Belə ki, bəzi insanlar isti havalarda antibiotiklərin daha çox və ya əksinə, daha az istifadə edilməli olduğunu düşünsələr də, mütəxəssislər bunun yanlış yanaşma olduğunu bildirirlər.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən tibb elmləri doktoru, professor  Adil Qeybulla bildirib ki, antibiotiklərin təyinatında ilin fəsli həlledici amil deyil:

"Antibiotiklərin yayda, qışda və ya digər fəsillərdə təyin olunması yalnız tibbi göstəriş əsasında həyata keçirilməlidir. Dünyanın heç bir yerində antibiotiklər nəzarətsiz şəkildə istifadə olunmur. Bu preparatlar yalnız həkim tərəfindən təyin edilməlidir".

Professorun sözlərinə görə, antibiotik seçimi də təsadüfi aparılmır və xəstənin vəziyyətinə uyğun qaydada müəyyənləşdirilir:

"Xəstə yüksək hərarət, iltihab və digər əlamətlərlə xəstəxanaya müraciət etdikdə, antibiotik həssaslığının nəticəsi hazır olana qədər vaxt tələb olunur. Bu müddətdə geniş təsir spektrli antibiotik təyin oluna bilər. Lakin sonradan laborator nəticələrə əsasən xəstənin həssas olduğu antibiotiklə müalicə davam etdirilir".

A.Qeybulla əlavə edib ki, bəzi xəstəliklərin, o cümlədən vərəmin müalicəsində xüsusi beynəlxalq proqramlar tətbiq olunur:

"Vərəmin müxtəlif formalarının müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının DOTS və DOTS-Plus proqramları çərçivəsində aparılır. Bu proqramlar üzrə xəstələrə ev şəraitində qəbul üçün birləşdirilmiş preparatlar, adətən bir və ya iki tablet şəklində təqdim edilir".

Professor həmçinin antibiotiklərin özbaşına qəbulunun ciddi təhlükələr yaratdığını da vurğulayıb:

"Təəssüf ki, bəzi hallarda insanlar antibiotikləri aptekdən reseptsiz alaraq özbaşına istifadə edirlər. Bu, yolverilməzdir. Antibiotiklərin ev şəraitində nəzarətsiz qəbulu anafilaktik şok, ağırlaşmalar, hətta ölüm halları ilə nəticələnə bilər. Antibiotik yalnız həkim təyinatı ilə istifadə edilməli, preparatın necə qəbul olunacağı və tətbiq qaydası da xəstəyə həkim tərəfindən izah edilməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr