Modern.az

Azərbaycanlı turisti Özbəkistana cəlb edəcək 3 qədim şəhər

Azərbaycanlı turisti Özbəkistana cəlb edəcək 3 qədim şəhər

Aktual

26 Avqust 2026, 14:21

Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin geniş gündəliyini bir daha önə çıxarıb. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərlə yanaşı, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Buxaranın tarixi-mədəni məkanları ilə tanış olması iki ölkənin turizm sahəsində də geniş əməkdaşlıq imkanlarına malik olduğunu göstərib. Azərbaycan və Özbəkistanın zəngin tarixi-mədəni irsi, eyni zamanda iki ölkə arasında mövcud birbaşa əlaqələr qarşılıqlı turist axınının artırılması üçün mühüm potensial yaradır. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən strateji münasibətlər turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanlar yaradır.

Onun sözlərinə görə, iki ölkə arasında ortaq turizm marşrutlarının hazırlanması və xüsusilə Bakı–Daşkənd istiqamətində birgə turların təşkili qarşılıqlı turist axınının artmasına ciddi töhfə verə bilər.

“Azərbaycanın zəngin tarixi-mədəni irsi, Şuşa və Qarabağ istiqamətləri, Xəzər dənizi, sağlamlıq və qış turizmi Özbəkistan turistləri üçün maraqlı turizm məhsullarıdır. Eyni zamanda Özbəkistanın Səmərqənd, Buxara və Xivə kimi tarixi şəhərləri də Azərbaycan turistləri üçün cəlbedici istiqamətlərdir”.

R.Quliyev hesab edir ki, iki ölkənin turizm şirkətlərinin əməkdaşlığı bu potensialdan daha səmərəli istifadə etməyə imkan verə bilər.

“Bu baxımdan Azərbaycan və Özbəkistanın turizm şirkətlərinin birgə paketlər hazırlaması, “Azərbaycan–Özbəkistan” turizm marşrutlarının beynəlxalq bazarlarda tanıdılması mühüm nəticələr verə bilər”.

O eyni zamanda Özbəkistandan Azərbaycana turist axınının artırılması üçün tanıtım fəaliyyətlərinin də gücləndirilməsini vacibliyinə də diqqət çəkib:

“Özbəkistan bazarından turist cəlb etmək üçün rəqəmsal marketinq, sosial şəbəkələr və yerli turizm şirkətləri ilə əməkdaşlıq daha da gücləndirilməlidir. Xüsusilə ailəvi istirahət, mədəni, sağlamlıq, alış-veriş və işgüzar turizm məhsullarının özbək turistlərə uyğun şəkildə paketləşdirilməsi məqsədəuyğundur”.

R.Quliyev bildirib ki, qarşılıqlı turist axınının artmasına təsir göstərən əsas amillərdən biri də iki ölkə arasında nəqliyyat imkanlarıdır:

“Əsas amillərdən biri birbaşa aviareyslərin sayı və aviabiletlərin qiymətləridir. Birbaşa uçuşların artırılması, rəqabətli qiymətlərin formalaşdırılması və daha əlçatan turizm paketlərinin hazırlanması bu bazarın potensialından daha geniş istifadə etməyə imkan verər”.

Ekspertin fikrincə, Azərbaycan və Özbəkistan arasında turizm əməkdaşlığının perspektivləri yalnız iki ölkə arasında turist mübadiləsi ilə məhdudlaşmır:

“Hesab edirəm ki, Azərbaycan və Özbəkistan arasında turizm əməkdaşlığı yalnız turist mübadiləsi ilə məhdudlaşmamalıdır. Uzunmüddətli perspektivdə ortaq turizm məhsullarının yaradılması və üçüncü ölkələrdən turistlərin cəlb edilməsi istiqamətində də əməkdaşlıq inkişaf etdirilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...