Modern.az

Dronla hücum olunan gəmidə 2 azərbaycanlı ölüb - GÖRÜNTÜ - YENİLƏNİB

Dronla hücum olunan gəmidə 2 azərbaycanlı ölüb - GÖRÜNTÜ - YENİLƏNİB

Aktual

Bu gün, 13:01

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.

"Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür".

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırıb.

12:59

Qara dənizdə Somali bayrağı altında üzən “TEDY” yedək gəmisinə təkrar dron hücumu nəticəsində iki azərbaycanlı dənizçi həlak olub.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, “Mert Marine Corporation” şirkətinə məxsus, IMO nömrəsi 9059200 olan “TEDY” yedək gəmisi ötən gün səhər saatlarında Odessa limanı yaxınlığında dron hücumuna məruz qalıb.

Gəminin 10 nəfərlik heyətində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya və 1 Ukrayna vətəndaşı olub.

Bildirilir ki, yedək gəmisi gecə saatlarında Rumıniyanın Konstansa limanına doğru hərəkət edərkən yenidən iki dronun hücumuna məruz qalıb. Hadisə nəticəsində azərbaycanlı dənizçilər Aslan Əliyev və Asım Qasımov həyatlarını itiriblər.

Digər iki azərbaycanlı dənizçinin isə yanıq xəsarətləri aldığı və hazırda Odessa şəhərindəki xəstəxanalardan birində müalicə olunduğu qeyd edilib.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi dənizçiləri riskli bölgələrdə işləməkdən çəkinməyə çağırıb:

“Ən böyük qazanc ailənizin yanına sağ-salamat qayıtmaqdır. Verdiyiniz hər qərarı bu düşüncə ilə qəbul edin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...