İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi - Sərrafın hicab səbəbindən Azərbaycanda təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qız tələbələri İran universitetlərinə dəvət etməsi Bakının etirazına səbəb olub. Azərbaycanın Elm və Təhsil Nazirliyi bu açıqlamanı ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib. Nazirlik, həmçinin İranda azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilmədiyinə diqqət çəkib.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan - İran parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dəfələrlə bu məsələdə öz mövqeyini ifadə edib və ölkənin kənardan dəstəyə ehtiyacı yoxdur:
“İran və ya başqa hər hansı ölkə Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bizim kimin dəstəyinə və ya yardımına ehtiyacımız yoxdur. Azərbaycan öz tələbə və şagirdlərinə lazım olan təhsili verib və bundan sonra da verəcək. Bu gün İranda azərbaycanlı şagirdlərə öz ana dilində təhsil verilmir. Belə bir vəziyyətdə bu cür açıqlamaların səsləndirilməsi düzgün deyil və Azərbaycanın daxili işlərinə qarışmaqdır”.
C.Məmmədov qeyd edib ki, Azərbaycanla İran arasında münasibətlər uzun müddət gərgin olub, lakin sonradan normallaşma istiqamətində addımlar atılıb. Onun sözlərinə görə, hazırda heç bir tərəf münasibətlərin yenidən gərginləşməsinə səbəb olacaq addımlar atmamalıdır:
“Bu cür bəyanat və açıqlamalar yalnız münasibətlərimizə xələl gətirir. İran tərəfi belə bəyanatlara və açıqlamalara son qoymalıdır. İranın öz daxilində kifayət qədər problemləri var və həmin problemlərin həllinə çalışmalıdırlar. Bizə hansısa dəstək verməyə cəhd göstərməkdənsə, öz daxili məsələlərinin həlli ilə məşğul olmalıdır”.
Milli Məclisin Azərbaycan - İran parlamentlərarası işçi qrupunun digər bir üzvü Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycanda tələbələrin təhsil alması üçün heç bir maneə yoxdur və ölkənin təhsil sistemi beynəlxalq səviyyədə tanınır:
“Bu cür müraciət Azərbaycan suverenliyinə qarşı hörmətsizlikdir. Azərbaycanlı tələbələrin təhsil alması üçün heç bir maneə və problem yoxdur. Azərbaycan təhsili bu gün dünyada tanınan və artıq ad çıxarmış təhsildir. Artıq 7 universitetimiz ilk min universitet sırasındadır. Dünyəvi təhsilimiz Avropa standartlarına cavab verir. Tələbələrin bir qismini öz təhsilinə cəlb etmək istəyi daxili işlərimizə qarışmaq cəhdidir”.
A.Mirzəzadə qeyd edib ki, İranda azərbaycanlıların sayının çox olmasına baxmayaraq, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələri yoxdur.
“İranın özündə Azərbaycan dilində nə orta, nə də ali məktəb var. Halbuki əhalinin az qala yarısını azərbaycanlılar təşkil edir. Azərbaycanın öz məsələlərini həll etmək üçün kifayət qədər imkanları var. Başqa ölkələrdən suverenliyimizə hörmətlə yanaşmağı xahiş edirik”, - deyə deputat bildirib.
O əlavə edib ki, İranın xarici işlər nazirinin məsul olduğu sahədə həllini gözləyən kifayət qədər məsələlər var və nazirin diqqətini ilk növbədə həmin problemlərə yönəltməsi daha məqsədəuyğun olardı.