Modern.az

Azərbaycan və Niderland arasında yeni mərhələ başlayır

Azərbaycan və Niderland arasında yeni mərhələ başlayır

Aktual

Bu gün, 15:20

Niderland Krallığının xarici işlər naziri Tom Berendsenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın perspektivlərini yenidən gündəmə gətirib. 2026–2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin qəbul edilməsi münasibətlərin gələcək inkişafı baxımından diqqət çəkən məqamlardandır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan–Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qaya Məmmədov bildirib ki, Niderland xarici işlər nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu səfər Azərbaycan və Niderland arasında siyasi dialoqun fəallaşdığını, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yarandığını göstərir.

Səfər 2025-ci ilin oktyabrında Kopenhagendə Prezident İlham Əliyevlə Niderlandın o zamankı Baş naziri Dik Sxof arasında keçirilmiş görüşün məntiqi davamıdır. Niderlandın xarici işlər nazirinin Bakıya səfəri bu istiqamətdə dialoqun davam etdirilməsi və əldə edilmiş siyasi anlaşmaların konkret əməkdaşlıq təşəbbüslərinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Azərbaycan və Niderland arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlər və formalaşmış əməkdaşlıq təcrübəsi mövcuddur. Onun sözlərinə görə, Niderland şirkətləri uzun illərdir Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər:

“Nəqliyyat, logistika, liman infrastrukturu, kənd təsərrüfatı, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial vardır.

Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi göstərir ki, hər iki ölkə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmək, mövcud əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Bu baxımdan, xarici işlər nazirlərinin görüşü zamanı 2026–2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin qəbul edilməsi xüsusilə təqdirəlayiqdir. Bu sənəd siyasi dialoqla yanaşı, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm çərçivə yaradır”.

Qaya Məmmədov Azərbaycan–Niderland münasibətlərində müşahidə olunan müsbət dinamikanı alqışladığını vurğulayıb. O, qarşıdakı dövrdə siyasi dialoqun praktiki nəticələrlə müşayiət olunacağına ümidvar olduğunu bildirib:

“İnanıram ki, yüksək səviyyəli siyasi dialoq çərçivəsində müəyyən edilmiş məqsədlərə uyğun olaraq, qarşıdakı dövrdə Azərbaycan və Niderland arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm praktiki nəticələrə nail ola biləcəyik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab