Modern.az

Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü

Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü

Dünya

31 Yanvar 2026, 16:39

Pakistanda separatçı Bəlucistan Azadlıq Təşkilatının silahlı üzvləri əyalətin müxtlif yerlərində koordinasiyalı terror aktları törədiblər. 

Modern.az xəbər verir ki, vilayətin paytaxtı Kvetta şəhərində yerli vaxtla saat 06:00 radələrində güclü partlayış səsi eşidildikdən sonra təxminən iki saat ərzində intensiv atışma olub.

Dalbandin və Nuşki bölgələrinin sakinləri də partlayışlar və silah səsləri eşitdiklərini bildiriblər. Eyni zamanda Mastung, Qvadar, Pasni və Turbat şəhərlərində də oxşar hücumların həyata keçirildiyi qeyd olunur. Rəsmi qurumların məlumatına görə, 12 ayrı nöqtədə təşkil edilən terror aktları nəticəsində azı 10 polis və təhlükəsizlik əməkdaşı həlak olub, 58 silahlı şəxs zərərsizləşdirilib.

Belucistan vilayətinin baş naziri Sərfraz Bugti açıqlamasında bildirib ki, vilayətin müxtəlif bölgələrində  əməliyyatlar aparılır və terrorçular hələ də təqib olunur. O, hücumların arxasında Hindistanın dayandığını iddia edib.

“Səhər saatlarında son dövrlərdə yaşadıqları mənəvi sarsıntını kompensasiya etmək məqsədilə Hindistanın dəstəklədiyi terrorçular bir neçə nöqtədə hücumlar təşkil etməyə cəhd göstəriblər. Lakin Belucistan polisi və sərhəd qoşunlarının qəhrəman şəxsi heyəti bu hücumları birgə dəf edərək bu günə qədər daha 58 terrorçunu zərərsizləşdirib. Bu hücumlar terrorizmə qarşı qətiyyətimizi sarsıda bilməz -son terrorçuyadək onların ardınca gedəcəyik”,-Bugti deyib.

Vilayət baş naziri əlavə edib ki, təhlükəsizlik qüvvələri son iki gün ərzində Bəlucistan ərazisində keçirilən əməliyyatlar zamanı ümumilikdə 70 terrorçunu zərərsizləşdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır