Ukrayna Prezidenti Vladimir Zelenski bu həftə Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqların yeni mərhələsinə hazırlıq barədə danışıb.
Modern.az xəbər verir ki, Zelenski bazar ertəsi "söhbət üçün çərçivə" barədə razılığa gəlmək üçün görüş keçirəcəyini və Ukrayna danışıqlar qrupunun həmin axşam səfərdə olacağını bildirib.
Ukrayna tərəfinin məlumatına görə, danışıqların çərşənbə və cümə axşamı günləri keçirilməsi planlaşdırılır.
"Amerika tərəfinin, xüsusən də gərginliyin azaldılması tədbirləri - zərbələrin azaldılması ilə bağlı eyni dərəcədə proaktiv olacağını gözləyirik. Çox şey Amerika tərəfinin insanların həm prosesə, həm də nəticələrə etibar etməsini təmin etmək üçün nə edə biləcəyindən asılıdır", - deyə Zelenski bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə zəng edərək şiddətli soyuqlar zamanı Ukraynanın enerji infrastrukturuna müvəqqəti olaraq zərbə endirməkdən çəkinməsini xahiş etdiyini açıqlayıb.
Kreml daha sonra "enerji atəşkəsinin" 1 fevrala qədər qüvvədə qalacağını və Əbu-Dabidə danışıqlardan əvvəl tərəflər arasında etimadı gücləndirmək məqsədi daşıdığını təsdiqləyib.
Növbəti danışıqlar raundu 1 fevrala planlaşdırılmışdı, lakin təxirə salındı.