Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri başlayır.
Modern.az xəbər verir ki, Vens 9-10 fevral tarixlərində Ermənistan Respublikasında rəsmi səfərdə olacaq.
Ermənistan hökumətinin məlumatına görə, amerikalı vitse-prezident bu axşam Baş nazir Nikol Paşinyanın görüşəcək və onlar bəyanatlar verəcəklər.
Ceyms Devid Vens sabah Ermənistandan Azərbaycana gələcək.
Qeyd edək ki, Vensi Cənubi Qafqaza səfəri zamanı həyat yoldaşı Uşa Vens müşayiət edəcək.
40 yaşlı Ceyms Devid Vens 2025-ci ilin yanvarından etibarən ABŞ-ın vitse-prezidenti kimi fəaliyyət göstərir və Donald Trampın ikinci administrasiyasında bu yüksək postu tutur. O, ölkənin siyasi səhnəsində çox sürətlə yüksələ bilən gənc siyasətçilərdən hesab olunur.
Ceyms Vens 2021-ci ilə kimi müxtəlif şirkətlərdə çalışıb. Həmin ilin iyulunda Respublikaçılar Partiyasının üzvü olaraq Ohayo ştatından ABŞ Senatına namizədliyini açıqlayıb və senator seçilib.

Ceyms Devid Vens Yel Universitetinin hüquq fakültəsində oxuyarkən – 2013-cü ildə tələbə yoldaşı - gələcək xanımı, əslən indistanlı Uşa Çilukuri ilə tanış olub. Onlar 2014-cü ildə evləniblər. Toy iki dini ənənədə - Hindu və Xristian (Protestant ailəsində böyüyən C.D.Vens 2019-cu ildə katolikliyi qəbul edib) - baş tutub.
Cütlüyün üç övladı var - oğulları Evan və Vivek, qızları Mirabel.
Xarici mətbuat yazır ki, ABŞ prezidenti Donald Tramp və birinci ledi Melaniya Tramp Uşa Vensə yüksək hörmətlə yanaşırlar. 2025-ci ilin yanvar ayındakı andiçmə mərasimində Tramp Ceyms Vens haqqında danışarkən deyib: "Ceymsdən daha ağıllı olan tək insan onun həyat yoldaşıdır. Mən onu (Uşa Vensi) vitse-prezident seçə bilərdim, amma varislik xətti fərqli şəkildə işlədi”.
Vens ailəsi hazırda paytaxt Vaşinqtonda rəsmi rezidensiyada yaşayır və tez-tez ictimai tədbirlərdə birlikdə görünürlər.