Masıs icmasının rəhbəri Davit Hambardzumyanın qardaşı Qor Hambardzumyan saxlanılıb.
Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsindən cinayət işi üzrə aparılan ibtidai istintaq çərçivəsində Q. Hambardzumyana qarşı bir neçə maddə ilə ictimai cinayət təqibi başlanıb.
Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 204-cü maddəsinin 1-ci hissəsi (şəxsi və ya ailə həyatının toxunulmazlığının pozulması), 457-ci maddəsinin 2-ci hissəsi (sənədlərin, möhürlərin, ştampların, blankların saxtalaşdırılması və ya saxta sənəd, möhür, ştamp və blankların hazırlanması, satışı və ya istifadəsi), 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda dələduzluq), 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda çirkli pulların yuyulması) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Davit Hambardzumyan Ermənistanın Ararat vilayətində yerləşən Masıs şəhərinin sabiq icma rəhbəridir. O, yerli özünüidarəetmə orqanında rəhbər vəzifə tutmaqla yanaşı, ölkədaxili siyasi proseslərdə də aktiv fiqur kimi tanınıb. Onun adı xüsusilə son illərdə Ermənistandakı daxili siyasi gərginlik və müxalif fəallıq fonunda daha çox hallanıb.