“Ermənistan Respublikasının yüksək vəzifəli şəxsləri bizi həmişə Ermənistanın xoş niyyətlərindən əmin ediblər".
Modern.az xəbər verir ki, bunu İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami deyib.
"İran ABŞ ilə danışıqlara tam səmimiyyət və ciddiliklə başlayıb. Müdafiə üçün bütün imkanlarımız olsa da, diplomatiyaya üstünlük veririk. İnanırıq ki, sağlam düşüncə qalib gələ bilər...
Ermənistan Respublikasının yüksək vəzifəli nümayəndələri bizi həmişə Ermənistanın xoş niyyətlərindən əmin ediblər. Onlar ümid edirlər ki, regionda təhlükəsizliyə təhdid yarada biləcək bir vəziyyət yaranmayacaq”.
Səfir qeyd edib ki, bu, İranın da arzusudur - Cənubi Qafqazda sülhün hökm sürməsi.
İranın TRIPP mexanizmi vasitəsilə Amerikanın regionda genişlənmiş iştirakına baxışı ilə bağlı suala cavab olaraq səfir bildirib:
"Ermənistanın müsbət şəkildə həyata keçirdiyi bu imkanlara ümid edirik. Bu gün Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanla görüşdüm. Çox isti və mehriban bir atmosferdə şimal-cənub və şərq-qərb rabitə yollarının açılması üçün səy göstərməyin vacibliyini müzakirə etdik. Həmçinin Fars körfəzi ilə Qara dəniz arasında əlaqə yaratmaq üçün Culfa-Naxçıvan-Yerasx dəmir yolunun işə salınması üzərində işləməyin vacibliyini qeyd etdik. Bu, hamımız üçün böyük imkanlar yaradacaq.
Ermənistan rəhbərliyi İrana qarşı heç bir addım atılmayacağını bildirib. Bəlkə də bu barədə indi danışmaq üçün hələ tezdir, amma gələcəkdə bunu çox ciddi şəkildə nəzərdən keçirə bilərik."
Baş nazir Nikol Paşinyanın qarşıdan gələn İran səfəri ilə bağlı səfir deyib: "Nikol Paşinyanın səfəri 2026-cı il gündəliyimizə daxildir və bir il ərzində planlaşdırılmalıdır. Keçən il İran prezidenti Ermənistana səfər etmişdi və bu il Ermənistan baş nazirinin səfərini də planlaşdırırıq. Ümid edirik ki, bu səfər zamanı iki ölkə arasında hərtərəfli strateji sənəd imzalanacaq".