Yaxın Şərqdə alovlanan müharibə təkcə İranın deyil, onun qonşularının da nüvə silahı əldə etməsi istiqamətində hərəkətlənməni gücləndirə bilər.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Bruney ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İrana qarşı aqressiyanın nəticələri artıq bütün regionda hiss olunur:
"ABŞ-nin Yaxın Şərqdəki addımları Vaşinqtonun qarşısını almağa çalışdığı nəticəyə, yəni İranın və onunla həmsərhəd ölkələrin nüvə silahı yaratmasına gətirib çıxara bilər".
Nazir həmçinin vurğulayıb ki, nüvə silahına malik ölkələrə qarşı ABŞ hücum etmir:
"Rusiya ABŞ-nin İranda əməliyyata başlamasını əsaslandırmaq üçün irəli sürdüyü arqumentlərlə bağlı ciddi sualların olduğunu hesab edir. Bu günə qədər İranın nüvə silahı hazırlamasına dair hər hansı inandırıcı sübut təqdim edilməyib".
Lavrov əlavə edib ki, Rusiya Yaxın Şərqdə bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır.